Amerika filmləri tamaşaçılarına özlərinin ən yaxşı məktəblərinə sahib olduqları fikir təlqin edir. Filmlərdə gördüyümüz qədərilə onlar məktəb forması geymir, təhsil alacağı dərslikləri özləri seçir, ev tapşırıqları isə olduqca az və yaxud demək olar ki yoxdur. Bəs hər şey həqiqətən də bu cürdür?
Amerikalı şagirdlər 1 sentyabrdan əvvəl məktəbə gedərək semestr boyunca təhsil alacaqları fənləri. Direktor şagirdə fənn siyahısını təqdim edir və onlar öz istədiklərini seçir. Lakin fənlər konkret sinifdəki şagirdlərin sayından asılı olaraq dəyişə bilir. Məsələn, Alabama, Trussville –də «Hewitt-Trussville High School» adlı bir məktəb fəaliyyət göstərir və burada 4 məcburi fənn var. Bunlar, ingilis dili, riyaziyyat, elm (biologiya, zoologiya, kimya, fizika, okeanologiya və s.), tarix. Bundan əlavə isə 50 fənnin içərisindən (teatr, vokal, ədəbiyyat, hüquq və s.) 3-nü seçmək olar.
Bizim məktəblərdə isə şagirdin dərs ili müddətində hansı fənnləri seçmək hüququ yoxdur və məktəb hansı fənni tədris edirsə onu seçmək məcburiyyətindədir.
Bundan əlavə, amerikan məktəblərində seçilən fənlər səviyyələrə bölünür. Məsələn, 9-cu sinifdə riyaziyyatın 1-ci səviyyəsini, 10-cu sinifdə isə 2-ci, 11-ci sinifdə 3, 12-ci sinifdə isə ali riyaziyyat və triqonometriyanı öyrənirlər. Bu o deməkdir ki, səviyyə artdıqca fənnin çətinliyi də artır. Təhsil müddətində sadəcə fənn ilə tanışlıq üçün fizikanın 1-ci səviyyəsini seçmək olar. Lakin məktəbi bitirmək üçün şagird bütün 4 vacib fənnin 4 səviyyəsini də öyrənməlidir.
Məktəb geyiminə gəldikdə isə, amerikan şagirdləri demək olar ki, məktəb forması geyinmirlər. Şagirdlər məktəbə istədikləri geyimdə gələ bilərlər. Əlbəttə ki, bu ştatdan və məktəbdən asılıdır. Düzdür məktəblərdə bəzi məhdudiyyətlər olsa da, bizim məktəblərdə olduğu qədər deyil və bəzi amerikan məktəblərində də məktəbli geyimi mütləq hesab edilir.
Amerika məktəblərində müəllim-şagird münasibətləri də nisbətən fərqlidir. Şagird müəlliminə yaxınlaşaraq onunla istənilən mövzuda söhbət edə bilər. Burada müəllim və şagird dostdur. Bundan əlavə, amerikalı şagird dərs zamanı aclıq hiss edərsə, çantasından yeməyini çıxararaq yeyə bilər. ABŞ məktəblərində təhsildən tutmuş ünsiyyətə qədər hər şey fərqlidir və şagirdin dərsi bəyənmədiyi təqdirdə sakitcə qalxaraq sinfi tərk etməsi normal qarşılanır. Burada şagird maksimum müstəqilliyə sahibdir.