15 C
Baku
Friday, March 29, 2024

Amerikanı böyük iqtisadi böhran gözləyir

İngilis investor, dünya bazarındakı “köpükləri” proqnozlaşdıran Jeremy Grantham ABŞ-da tarixin ən güclü böhranının başladığını açıqlayıb.

Banker.az xəbər verir ki, ekspertin sözlərinə görə, hazırda bazarda böyük çaxnaşma müşahidə edilir və yeni “köpüyün” 1929-cu il Böyük depressiyanı və 2008-ci il maliyyə böhranını keçəcəyi gözlənilir.

Xatırladaq ki, XX əsrdə ABŞ ÜDM-si iki dəfə, istehsalı isə 40% azalıb, hər dördüncü amerikalı iş yerini itirib. Yeni böhran şirkətlərin “com” ilə bitən domenləri aldıqları və nəticədə 5 trilyon dollar itirdikləri 1995-2001-ci illərdəki dövrdən daha ciddidir.

Grantham yeni iqtisadi böhran barədə 2020-ci ilin iyun ayının əvvəlində xəbərdarlıq edib. O, daşınmaz əmlakın, istiqrazların, səhmlərin və əmtəələrin olduğundan yüksək qiymətləndirildiyini söyləyib. Nümunə olaraq analitik səbəbsiz bahalaşan səhmləri və kriptovalyutaları göstərib.

“Bu, ciddi sərmayənin parodiyasıdır. Biz heç vaxt belə bir şey görməmişik”, – deyə Grantham söyləyib. İnvestor əmindir ki, ABŞ odla oynayır. Şübhəli müəssisələrə sərmayə qoymaqla bazar iştirakçıları pis xəbərlərə məhəl qoymurlar. İnvestorlar yüksək faiz dərəcələri, istiqraz alışının azalması, inflyasiyanın isə artması barədə xəbərsiz olurlar. Analitiklərin sözlərinə görə. onlar qısa müddətdə kapital qazana bilərlər, lakin “köpük” yaxın aylarda partlayacaq və bunun qarşısını almaq mümkün olmayacaq.

Grantham ABŞ böhranının yalnız Amerikaya deyil, həm də Avstraliya, Kanada, İngiltərə və Çinə təsir edəcəyini hesab edir.

Xatırladaq ki, daha əvvəl ABŞ-da pulun qurtaracağı barədə məlumat yayılıb. Əgər bu baş versə, ölkə borc öhdəliklərini yerinə yetirə bilməyəcək və defolt elan edəcək. Bunun qarşısını almaq üçün parlamentarilər dövlət borcunun miqdarına tətbiq olunan məhdudiyyətləri ləğv etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər