“Amerikanın ən uzun müharibəsinin sonu”: Bayden ordunu Əfqanıstandan çıxarır

Prezident Co Bayden çərşənbə günü televiziya müraciətində ABŞ əsgərlərinin Əfqanıstandan geri çəkiləcəyi tarixi açıqlayıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“CNBC” qeyd edir ki, ordu bölmələri sentyabrın 11-dək ölkəni tərk edəcək.

“Amerikanın ən uzun müharibəsinə son qoymağın vaxtı gəlib. ABŞ əsgərləri evlərinə qayıtmalıdırlar”, – deyə Bayden müraciətində söyləyib. Prezident televiziya müraciətini Ağ Evin müzakirə Zalından edib. Xatırladaq ki, 2001-ci ilin oktyabrında prezident Corc Buş “Əl-Qaidə” və “Taliban” terror qruplarına qarşı döyüşlərin başladığını elan etmişdir. Bayden Əfqanıstandakı müharibə dövründə artıq dördüncü prezident olduğunu qeyd edib. “İki respublikaçı. İki demokrat. Bu məsuliyyəti beşinci prezidentin üzərində keçirtməyəcəyəm”, – deyə prezident bildirib. O, gələcəkdə ABŞ-ın Əfqanıstana yalnız humanitar yardım və diplomatik dəstək vermək məqsədilə daxil olacağını əlavə edib. Üstəlik, siyasətçi “Taliban”a ABŞ-ın bölgədəki koalisiya qüvvələrinin azaldılması zamanı özünü və tərəfdaşlarını hücumlardan qoruyacağı barədə xəbərdarlıq edib. “Komandam yalnız Əfqanıstanda deyil, ortaya çıxa biləcəyi hər yerdə, yəni Afrika, Avropa, Orta Şərq və digər bölgələrdə terror təhdidlərini izləmək və yatırmaq üçün milli strategiyamızı təkmilləşdirir”, – deyə prezident söyləyib.

Qeyd edək ki, ABŞ Əfqanıstanı təxminən 20 il əvvəl 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumundan sonra müdaxilə edib. Baydenin 3 min əsgərin geri çəkilməsi üçün elan etdiyi tarix, ABŞ-ın Orta Şərqdə və Orta Asiyada hərbi əməliyyatlara başladığı terror hücumlarının 20-ci ildönümünə təsadüf edəcək. Pentaqonun verdiyi məlumata görə, Əfqanıstan, İraq və Suriyadakı müharibələr ABŞ-a 1.57 trilyon dollara başa gəlib. Təkcə Əfqanıstanda 2 mindən çox ABŞ əsgəri həlak olub. Bayden çıxışı zamanı bir il İraqda xidmət etmiş oğlu Bo Baydenin hərbi təcrübəsinə toxunub. O, 2015-ci ildə xərçəng xəstəliyindən ölüb. “CNBC” bildirir ki, Bayden son 40 ildə övladı ABŞ ordusunda və döyüş bölgəsində xidmət etmiş ilk prezidentdir.

Prezidentin sözlərinə görə, ABŞ Əfqanıstandakı hədəfinə 10 il əvvəl “Əl-Qaidə” lideri Usama bin Ladenin öldürüldüyü dövrdə çatıb. Bayden 11 sentyabr hücumlarını törədən terror qruplaşmasının başçısının aradan qaldırılmasından sonra ABŞ-ın Əfqanıstandakı mövcudluğunun səbəblərinin aydın olmadığını söyləyib. O, əlavə olaraq qeyd edib ki, “minlərlə əsgəri Əfqanıstanda saxlamaq və buna görə milyardlarla dollar xərcləmək mənasızdır”. Prezident bu qərarını beynəlxalq tərəfdaşlar və koalisiya müttəfiqləri ilə Əfqanıstan prezidenti Əşrəf Qani və ABŞ-ın keçmiş prezidenti Buşla müzakirə etdiyini söyləyib.

Xatırladaq ki, 2020-ci ilin fevralında prezidenti Donald Tramp “Taliban” ilə daimi atəşkəs müqaviləsini imzalamışdır. Müqavilənin şərtlərinə görə, keçən il iyulun ortalarına qədər ABŞ Əfqanıstandakı hərbi mövcudluğunu təxminən 13 min əsgərdən 8 600 əsgərədək azaltmalı idi. Taliblər isə terror qruplaşmalarının Əfqanıstandan ABŞ-a və ya müttəfiqlərinə hücum etməyəcəyini vəd etmişdir. Bu həftənin əvvəlində taliblər aprelin sonlarında Türkiyədə keçiriləcək sammitdə iştirak etməyəcəklərini bildiriblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.