-1 C
Baku
Sunday, December 15, 2024

Amerikanın investisiya fondu Britaniyanın süni intellekt tərtibatçısını 5.3 mlrd. dollara alır

Kibertəhlükəsizlik və süni intellekt sahəsində dünyanın ən böyük investorlarından biri olan “Thoma Bravo” şirkəti süni intellekt sahəsində inkişaflarla məşğul olan Böyük Britaniyanın “Darktrace” şirkətini almaq təklifi ilə çıxış edib.

“Thoma Bravo” Britaniya şirkətinin hər bir səhmi üçün 7.75 dollar ödəməyə hazırdır ki, bu da son üç ayda “Darktrace”in orta çəkili səhm qiymətindən 44% yüksəkdir. “Darktrace” rəhbərliyi təkliflə razılaşıb. Şirkətin biznesi 5.3 milyard dollar dəyərində qiymətləndirilir, əgər səhmdarlar səhmlərin ən azı 75%-ni satmağa razı olsalar, sövdələşmə həyata keçiriləcək.

2013-cü ildə qurulan və Kembricdə yerləşən “Darktrace”, şirkətlərin İT şəbəkələrində kiberhücumları və zəiflikləri izləmək üçün süni intellektdən istifadə edir. Şirkətin San-Fransisko, London və Sinqapurda 2300-ə yaxın əməkdaşı işləyir. Hazırda “Darktrace” 110 ölkədə 9 mindən çox müştəriyə xidmət göstərir.

138 milyard dollarlıq aktivləri idarə edən “Thoma Bravo” “Darktrace”i “kiber texnologiya sahəsində ən qabaqcıl” şirkət hesab edir və razılaşma əldə olunarsa, qərargahını Böyük Britaniyada saxlamaq niyyətindədir. Bu, “Thoma Bravo”nun ilk Britaniya aktivi deyil: 2020-ci ildə onlar proqram tərtibatçısı “Sophos”u 3.9 milyard dollara satın alıblar. Alış təklifi dərc edildikdən sonra “Darktrace” səhmləri 18% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər