2017-ci ildə Azərbaycanda səhm bazarı ümumi qiymətli kağızlar bazarının 22%-ni təşkil etməsinə baxmayaraq, 2018-ci ilin ikinci rübünün yekununda onun payı 9%-ə qədər azalıb (törəmə maliyyə alətləri bazarı istisna olmaqla).
Banker.az bildirir ki, bu barədə Report-un analitik qrupu məqalə dərc edib.
Bildirilir ki, yerli səhm bazarı korporativ qiymətli kağızlar bazarının 2016-cı ildə 10,4%-ni, 2017-ci ildə isə 55%-ni təşkil edib.
Kəskin artım 2 amil – korporativ istiqrazlar bazarının həcminin azalması və ilkin səhm bazarının həcminin artması ilə bağlıdır. 1-ci amili daha çox özəl şirkətlərin borc yükünün azalması baxımından müsbət qiymətləndirmək olar. Bu da onunla bağlıdır ki, 2015-2016-lı illərdə inflyasiya yönümlü iqtisadi mühitin dəyişməyə başlamasından sonra şirkətlər daha az borclanırlar.
2-ci amilə gəlincə isə 2017-ci ildə ilkin səhm bazarında 2016-cı ilə nisbətən 3,3 dəfə artım olub, lakin təkrar səhm bazarı əməliyyatları 54% azalıb. Eyni zamanda 2018-ci ilin 1-ci yarısında ümumi ilkin bazar əməliyyatlarının həcmi 429 mln. manat olub. Halbuki 2017-ci ilin eyni rübündə belə əməliyyatların həcmi 982 mln. manat idi. Digər tərəfdən 2018-ci ilin təkcə 2-ci rübündə təkrar səhm bazarı 266 mln. manat civarında olmaqla bütün 2017-ci ilin təkrar səhm bazarından təxminən 3 dəfə çoxdur.
İlkin səhm bazarının sürətli inkişafına baxmayaraq təkrar bazar əməliyyatlarının sabit qalması və yaxud aşağı tempdə inkişafı kapital bazarları vasitəsi ilə maliyyələşdirmənin qapalı həyata keçirilməsindən xəbər verir. 2018-ci ilin 1-ci yarısında 695 mln. manatlıq səhm əməliyyatlarının yalnız 68,5 mln. manatlıq hissəsi birjada icra olunub. Yerdə qalan 90%-ə qədər əməliyyat isə birjadankənar əqdlərdir.
Məsələn, bu ilin sonuna qədər bir neçə bankın səhmlərinin qapalı üsulla yerləşdirilməsi nəzərdə tutulur. Şirkətlərin İPO-lara (səhmlərin ilkin kütləvi tədüvülü) maraqlarının olmaması isə bazarın struktur zəifliyi ilə izah oluna bilməz, çünki ümumi maliyyə bazarı göstəriciləri bu fərziyyə ilə üst-üstə düşmür. Bu şirkətlərin listinq tələblərinə cavab verməməsi ilə bağlıdır.
Məsələn, Bakı Fond Birjasının əsas bazar seqmentinin delistinqinə qoşulmaq üçün emitentlərdən qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarətetmə standartlarının tətbiq edilməsi, mənfəətlilik, səhmlər üzrə sərbəst bazarda tədavül həcminin təmin edilməsi tələb edilir. İlkin şərtlərdən əlavə şirkətin performansı və gələcək gəlir proqnozları birbaşa səhmlərdə öz əksini tapdığından idarəetmə və gəlirliliklə bağlı şübhə doğuran şirkətlər belə İPO-ya çıxmaqda maraqlı olmurlar. Buna görə də, ilkin səhm bazarında kəskin inkişaf müşahidə edilir. Digər tərəfdən Strateji Yol Xəritəsində nəzərdə tutulan İPO-lar bazarın böyüməsinə gətirib çıxara bilər. Bu sahədə maarifləndirmənin həm investorlar, həm də yerli şirkətlər arasında artılması isə maliyyə bazarlarının əməliyyat həcminin artırılmasında mustəsna əhəmiyyətə malikdir.
Hazırda yerli investorların ən çox maraq göstərdiyi səhmlər “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-lərə məxsusdur. Bu da bankların maliyyə hesabatlarının mütəmadi açıqlanması və investorların gələcək perespektivi ölçə bilmə imkanları ilə izah oluna bilər.