ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və 2 gün davam edəcək iclasında uçot dərəcəsinin 0,25 faiz bəndi artırılacağı ilə bağlı gözləntilər maliyyə bazarları tərəfindən artıq tam qəbul edilib.
Dünyanın lider valyutası üzrə faizlərin artırılması Azərbaycan manatına təsir etməyəcək. Azərbaycan manatının məzənnəsi sabit qalacaq və hətta, agentliyin apardığı araşdırmalara görə, bir qədər də möhkəmlənməsi mümkündür. Bu barədə yerli analitik qrupu Report bildirir.
“Manatın möhkəmlənməsi ehtimalları bilavasitə neftin qiymətinin artması və qlobal maliyyə bazarlarında xoş konyunkturanın yaranması ilə əlaqədardır. Maliyyə bazarları FED-in uçot dərəcəsini artırması faktına öyrəşdikcə valyutaları kəskin ucuzlaşmış ölkələrdə əks proses yaşana bilər. Belə ki, Rusiya artıq bu prosesdən keçib və bu ölkədə RUB/USD məzənnəsi 88 səviyyəsindən 39% – 58 rubl səviyyəsinə qədər geriləyib. Azərbayacanda da AZN/USD məzənnəsinin 1,65-1,67 səviyyəsinə qədər geriləməsi mümkün görünür”, – analitiklər əlavə ediblər.
Buna da bax: Azərbaycanda banklar tərəfindən dollar satışının həcmi kəskin artıb
Lakin analitik qrupun fikrincə, bu proses uzunmüddətli olmayacaq: “FED daha 4 dəfə uçot dərəcəsini artırdıqdan sonra, yəni 2018-ci ilin sonundan etibarən dollar möhkəmlənməyə başlayacaq. Belə ki, yüksək faizlər, FED və ECB-nin balanslarını azaldaraq qlobal likvidliyə mənfi təsirləri özünü bir qədər sonra biruzə verməyə başlayacaq”.
Analitik qrup 2019-cu ilin əvvəlindən etibarən növbəti maliyyə böhranının başlayacağını ehtimal edir.