Füzuli şəhərinin su təchizatında kanalizasiya sistemlərinin, eyni zamanda yağış sularının yenidənqurma layihəsi ilə bağlı işlər davam edir.
Bunu açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, artıq Füzulidə mənbə müəyyənləşdirilib. Artezian və subartezian quyuları da olacaq. Subartezian quyuları zonasında anbar tikiləcək.
“Oradan şəhərə magistral kəmər tikiləcək və paylayıcı şəbəkə olacaq. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. İlin sonunadək Füzuli şəhərinə suyun verilməsi planlaşdırılır. İlkin plan belədir ki, 2023-cü il ərzində Füzuli şəhərinə yeni mənbədən suyun verilməsi təmin olunacaq”, – deyə A.Cəbrayıllı vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.