Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru dəyişib.
Banker.az bunu Mərkəzi Bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir.
AMB sədri Taleh Kazımovun əmri ilə Anar Mansurov bu departamentə rəhbər təyin edilib.
O bu vəzifədə Sevda Əmirovanı əvəzləyib.
A.Mansurov buna qədər “Azergold” QSC-də Maliyyə direktoru kimi çalışırdı. O, paralel olaraq törəmə şirkət olan “AzərBlast” MMC-nin Müşahidə Şurasının sədri idi.
A.Mansurov respublika üzrə tanınmış bəstəkar Eldar Mansurovun oğludur. Eldar Mansurovun digər oğlu – Ülvi Mansurov isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorudur.
Maliyyə idarəetməsi departamentinin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda maliyyə planlaşdırılmasını, maliyyə uçotu və hesabatının təşkili, aparılması və maliyyə
nəzarətinin həyata keçirilməsindən ibarətdir.
Departamentin təşkilati strukturu aşağıdakı bölmələrdən ibarətdir:
– Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi;
– Büdcə və maliyyə nəzarəti şöbəsi;
– Bankdaxili mühasibatlıq şöbəsi.