Anar Rzayev: “Bazar günləri parklanma pulsuzdur, ödəniş tələb edənlər barədə polisə müraciət edin”

Bazar günləri istənilən şəxsin – üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq – sürücüdən avtomobilini park edərkən pul tələb etməsi qanunsuzdur, sürücülər belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən qərar qəbul olunub ki, bazar günləri parklanma ödənişsiz olsun: “Bu səbəbdən həmin gün istənilən şəxsin – üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq – sürücüdən pul tələb etməsi qanunsuzdur. Bu, sadəcə vətəndaşdan əsassız şəkildə pul tələb etməkdir. Belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. “Azparking” əməkdaşları da mütəmadi olaraq maarifləndirmə işləri aparırlar və artıq əksər vətəndaşlar bilir ki, bazar günləri parklanma pulsuzdur və həmin gün ödəniş tələb edilməsi qanunaziddir. Qanunvericilikdə bununla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub – yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs tədbirləri də tətbiq oluna bilər. Hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq tədbirlər görürlər. Əslində, bu məsələyə “yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi” kimi yanaşmaq lazımdır. Necə ki, kimsə parkın girişində dayanıb sizdən əsassız ödəniş tələb etsə, bu qəbulolunmaz və qanunsuz hesab edilər, eyni yanaşma burada da keçərlidir”.

A.Rzayev qeyd edib ki, Bakıda parklanma sistemi son illərdə ciddi şəkildə dəyişib: “İlk növbədə, elektron sistem tətbiq olunub və parklanmanın idarə olunması tamamilə yeni model əsasında qurulub. Hazırda ödənişli parklanmanın tətbiq olunduğu küçələrlə tətbiq olunmadığı əraziləri müqayisə etsək, avtomobillərin daha nizamlı şəkildə park edildiyini görmək mümkündür. Əvvəllər yanlış parklanma halları daha çox müşahidə olunurdu və buna görə cərimələr tətbiq edilirdi. İndi isə sürücülər qaydalara daha çox əməl etdikləri üçün belə hallar xeyli azalıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər