Britaniyanın “Anglo American” və Kanadanın “Teck Resources” mədən şirkətləri birləşərək “Anglo Teck” adlı yeni şirkət yaratmaq barədə razılıq əldə ediblər. Bu barədə “Anglo American”ın saytında məlumat verilir.
“Reuters”in qiymətləndirməsinə görə, hər iki şirkətin birgə bazar kapitallaşması 53 milyard dollardan çox olacaq.
Birləşmiş şirkətin təxminən 62.4%-i “Anglo American” səhmdarlarına, 37.6%-i isə “Teck” səhmdarlarına məxsus olacaq. Müqavilə bağlanmazdan əvvəl “Anglo American” öz səhmdarlarına 4.5 milyard dollar dividend ödəməyi planlaşdırır.
“Anglo Teck”in baş qərargahı Vankuverdə yerləşəcək. “Anglo American”ın baş direktoru Dunkan Vanblad yeni şirkətin CEO-su olacaq, “Teck”in rəhbəri Conatan Prays isə onun müavini vəzifəsini tutacaq. Hər iki şirkətin direktorlar şurası razılaşmanı yekdilliklə dəstəkləyib və səhmdarlara təsdiqləməyi tövsiyə edib. Lazımi icazələr və səhmdar dəstəyi alındığı təqdirdə, birləşmənin 12–18 ay ərzində başa çatacağı gözlənilir.
Şirkətin açıqlamasında bildirilib ki, “Anglo Teck” dünyada dəmir filizi və sinkin ən iri təchizatçılarından biri olacaq. Müqavilədən illik sinergetik effektin təxminən 800 milyon dollar təşkil edəcəyi proqnozlaşdırılır.