Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” (AAM) şirkəti “Azərbaycan Beynəlxalq Bankı”ndan (ABB) mövcud kredit xətti üzrə əlavə 5 milyon ABŞ dolları kredit cəlb edib.
AAM-in ABB-dən əldə etdiyi ümumi kreditin həcmi 15 milyon ABŞ dollarına (25.5 mln. AZN) çatıb.
Qeyd edək ki, ABB tərəfindən mədən şirkətinə açılmış ümumi kredit xəttinin həcmi 32.3 milyon dollardır. “Anglo Asian Mining” həmçinin, ötən il “Access Bank”dan 5.6 milyon ABŞ dolları məbləğində kredit cəlb edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.