14 C
Baku
Monday, November 3, 2025

“Anglo Asian” Qarabağdakı Dəmirli yatağından hasil etdiyi misi bu şirkətə satacaq – $25 mln.-luq müqavilə!

Böyük Britaniyanın Azərbaycanda mis, qızıl və gümüş hasil edən şirkəti “Anglo Asian Mining plc” Dəmirli mis mədənində istehsal olunan konsentratın Hollandiya əsilli “Trafigura Pte Ltd” şirkətinə satışı üzrə müqavilə imzaladığını bildirib.

Banker.az-ın əldə etdiyi məlumata görə, satış müqaviləsinə 25 milyon ABŞ dollarına qədər dövri əvvəlcədən ödəniş imkanı daxildir.

Bildirək ki, “Anglo Asian” artıq Dəmirli mədənindəki emal zavodunu işlətmək üçün Azərbaycan Hökumətindən zəruri lisenziyaları alıb. Lazımi sənədlərin yekunlaşdırılması davam etsə də, lisenziyalar bu proseslə paralel olaraq verilib. Şirkət həmçinin mövcud tullantı gölündən 12 ay müddətinə istifadə icazəsi alıb; bu müddət ərzində ikinci tullantı gölü tikiləcək. Dəmirli emal zavodunun əməliyyat lizinqi 1 oktyabr 2025-ci il tarixində başlayıb.

Hökumət tərəfindən təsdiqlənmiş mis konsentratı satış müqaviləsi “Trafigura” ilə imzalanıb. Şirkət gözləyir ki, ilk konsentrat satışı 2025-ci ilin noyabr ayının ortalarında həyata keçiriləcək.

“Dəmirli mədənində zavod və tullantı gölünü işlətmək üçün bütün müvafiq lisenziyaları aldığımız üçün çox məmnunam. Bu, mədənin tam fəaliyyətə başlaması və qrup istehsalına artan töhfə verməsi baxımından vacib mərhələdir. Bütün müvafiq lisenziyaların alınması və “Trafigura” ilə satış müqaviləsinin imzalanması sayəsində artıq mis konsentratı satışına başlaya və Dəmirlidən dəyər yarada bilərik.”- “Anglo Asian”ın baş icraçı direktoru Reza Vaziri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər