Amerikanın “Anthropic” şirkəti (“Claude” adlı böyük dil modelinin yaradıcısı) ABŞ-də məlumat mərkəzlərinin tikintisinə 50 milyard dollar xərcləyəcək, bu barədə CNBC məlumat yayıb. Layihənin ilk mərhələsində məlumat mərkəzləri Texas və Nyu-York ştatlarında inşa ediləcək. İlk obyektlərin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Layihənin tərəfdaşı bulud texnologiyaları sahəsində fəaliyyət göstərən süni intellekt startapı “Fluidstack” olacaq. Şirkət “Meta”, “Midjourney” və “Mistral” kimi müştərilərə geniş qrafik prosessor (GPU) klasterləri təqdim edir.
“Anthropic”in baş direktoru Dario Amodei bildirib:
“Biz elə bir süni intellektin yaranmasına yaxınlaşırıq ki, bu, elmi kəşfləri sürətləndirə və əvvəllər mümkün olmayan mürəkkəb problemləri həll etməyə kömək edə bilər. Bu potensialı reallaşdırmaq üçün fasiləsiz inkişafı dəstəkləyə bilən infrastruktur tələb olunur”.
Layihə çərçivəsində 800 daimi və 2000 müvəqqəti iş yeri yaradılacaq.
“Anthropic”in əsas rəqibi olan “OpenAI” (ChatGPT-nin yaradıcısı) də süni intellekt infrastrukturu sahəsində fəal şəkildə inkişaf edir. CNBC xatırladır ki, şirkət “Nvidia”, “Broadcom”, “Oracle”, “Google” və “Amazon” ilə bağladığı müqavilələr sayəsində 1,4 trilyon dollardan çox uzunmüddətli infrastruktur öhdəlikləri əldə edib.
Bundan başqa, “AI Infrastructure Partnership” (AIIP) adlı investorlar qrupu (tərkibinə “BlackRock”, “Microsoft” və “Nvidia” daxildir) “Aligned Data Centers” adlı dünyanın ən böyük məlumat mərkəzi operatorlarından birini avstraliyalı “Macquarie Asset Management” şirkətindən 40 milyard dollara alacaq. Sazişin gələn ilin sonunda tamamlanması və tənzimləyici orqanların təsdiqindən keçməsi gözlənilir. “Aligned Data Centers” Şimali və Cənubi Amerikada ümumilikdə 80 məlumat mərkəzinə sahibdir.
“Morgan Stanley”in qiymətləndirmələrinə görə, “Alphabet”, “Amazon”, “Meta” və “Microsoft” kimi böyük texnologiya şirkətləri bu il süni intellekt infrastrukturu üçün ümumilikdə 400 milyard dollar xərcləməyi planlaşdırır.








