“Anthropic” Çin şirkətlərinin öz süni intellekt modellərinə çıxışını bağlayıb

Amerikanın “Anthropic” şirkəti, “Claude” neyroşəbəkələr ailəsinin yaradıcısı, Çin şirkətlərinə ölkədə süni intellekt (AI) sahəsində tətbiq olunan məhdudiyyətləri aşmağa imkan verən boşluqları aradan qaldırıb. Bu barədə mənbələrə istinadən “Financial Times” (FT) yazır.

Mənbələrin sözlərinə görə, Çin şirkətləri “Anthropic”in AI alətlərinə, xüsusilə də bulud provayderləri və xaricdəki törəmə şirkətlər vasitəsilə çıxış əldə ediblər. Bu praktikanın “Alibaba Group”, “Ant Group” (“Ant Financial”) və “ByteDance” kimi şirkətlər tərəfindən istifadə edildiyi müəyyən edilib.

Mənbələr bildiriblər ki, “Ant Financial” əməkdaşlarına şirkətin Sinqapur ofisinin daxili şəbəkəsi vasitəsilə açılan korporativ “Claude” hesabları təqdim edib. “ByteDance” isə “Claude”a birbaşa giriş verməsə də, beş əməkdaşın sözlərinə görə, bu ildən mühəndislərə platformaya şəxsi abunə xərclərini kompensasiya etməyə imkan verən sistem tətbiq edib. Onlar bu abunələrə VPN vasitəsilə çıxış əldə edirlər.

Bu yollar ABŞ və ya Çin qanunlarını pozmasa da, “Anthropic”in istifadə şərtlərinə ziddir. Şirkətin qaydalarına əsasən, Çin şirkətlərinin və onların xarici filiallarının bu modellərdən istifadə etməsi qadağandır.

İyunun 27-də “Anthropic” ABŞ hökumətinin qabaqcıl AI modellərinin kibertəhlükəsizlik sahəsində istifadəsinə tətbiq etdiyi məhdudiyyətlərin qismən ləğv olunduğunu açıqlayıb. İyunun 12-dən etibarən şirkət ABŞ tənzimləyiciləri ilə “Mythos 5” və “Fable 5” modellərinə çıxışın bərpası barədə danışıqlar aparırdı.

Məsləhətləşmələrin nəticəsində dövlət qurumları kiberhədələrə qarşı müdafiə sahəsində şirkətin ən güclü həlli kimi təqdim etdiyi “Mythos 5” modelinin yenidən istifadəyə verilməsinə icazə veriblər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər