“Bloomberg”in anonim qalmaq istəyən mənbələrinin sözlərinə görə, şirkətin illik gəliri $19 milyardı keçib. Bir neçə həftə əvvəl bu göstərici təxminən $14 milyard idi.
Nəşrin yazdığına görə, şirkət ili 2025-ci ilin sonunda qeydə alınmış $9 milyardlıq gəliri iki dəfə artıraraq başa vura bilər. Artımın səbəblərindən biri də “Claude Code” adlı süni intellekt əsaslı kod redaktoruna artan tələbatdır.
“Anthropic” bu alətin açıq versiyasını 2025-ci ilin mayında təqdim edib. Şirkət dekabr ayında bildirmişdi ki, “Claude Code”un istifadəsi proqnozlara görə gəlirə əlavə $1 milyard gətirə bilər. Korporativ abunəçilər arasında “Netflix”, “Spotify”, “L’Oreal”, “Salesforce” və KPMG kimi şirkətlər var.
İstifadəçilərin kəskin artımı həmin ilin iyulunda başlayıb. Sosial şəbəkələrdə istifadəçilərin çox hissəsi “Cursor” adlı süni intellekt kod redaktorundan “Claude Code”a keçdiyini yazıb. Bunun səbəbi “Cursor”un abunə limitlərini azaltması və bu barədə istifadəçilərə əvvəlcədən məlumat verməməsi olub.
“Claude Code”da abunəçilərin sayının sürətlə artmasından sonra burada da limitlər tətbiq edilib. Lakin şirkət bunu açıq şəkildə izah etdiyindən istifadəçilərin kütləvi şəkildə platformanı tərk etməsi baş verməyib.
“Bloomberg” həmçinin qeyd edir ki, “Anthropic”in Pentaqonla əməkdaşlıqdan imtina etməsindən sonra “Claude” tətbiqlər reytinqində “ChatGPT”ni birinci yerdən sıxışdırıb. Şirkət bu əməkdaşlıqdan imtinanı çat-bot vasitəsilə vətəndaşların izlənməsi ehtimalı ilə əsaslandırıb.
Bununla belə, nəşrin fikrincə, Pentaqonla yaranmış münaqişə şirkətin biznes perspektivlərini sual altına qoyur. ABŞ müdafiə naziri Pit Heqset “Anthropic”i təchizat zənciri üçün təhlükə adlandırıb. Belə qiymətləndirmə adətən Çin və digər “rəqib ölkələrdən” olan şirkətlərə tətbiq olunur. “Bloomberg” yazır ki, korporativ müştərilərə proqram təminatının satışı uzun müddət “Anthropic”in əsas biznes istiqaməti olub.
Ağ Evin keçmiş müşaviri Din Boll administrasiyanın bu addımını “Anthropic”ə qarşı “korporativ qətl cəhdi” adlandırıb. Startap isə qərardan məhkəmədə şikayət edəcəyini bildirib.
2026-cı il fevralın 13-də “Anthropic” $380 milyard qiymətləndirmə ilə $30 milyard investisiya cəlb edib. 2025-ci ilin sentyabrında isə şirkət $183 milyard qiymətləndirmə ilə $13 milyard maliyyə vəsaiti toplamışdı.






