“Alibaba Group”un səhmləri iyunun 25-də Honkonq birjasında keçirilən ticarət zamanı son 16 ayın ən aşağı səviyyəsinə düşüb. Buna səbəb süni intellekt şirkəti “Anthropic”in Çin texnologiya nəhəngini öz süni intellekt modelinə qanunsuz giriş əldə etməkdə ittiham etməsi olub. Bu barədə “Bloomberg” ticarət məlumatlarına istinadən yazır.
Ticarət zamanı “Alibaba”nın səhmləri 5,4% ucuzlaşaraq 94 Honkonq dollarına (12 ABŞ dolları) enib. Günün sonunda eniş 4,4%-ə qədər zəifləyib və səhmlər 95 Honkonq dolları (12,1 ABŞ dolları) səviyyəsində bağlanıb.
“Anthropic” ABŞ senatorlarına ünvanladığı məktubda “Alibaba”nı süni intellekt modellərinin imkanlarını “kobud” və “qanunsuz” şəkildə mənimsəməyə cəhd göstərməkdə ittiham edib. Şirkətin iddiasına görə, “Alibaba” öz modellərini “Anthropic”in texnologiyaları əsasında öyrətməyə çalışıb və minlərlə saxta hesab vasitəsilə təxminən 29 milyon əməliyyat həyata keçirib.
“Bloomberg” qeyd edir ki, bu ittihamlar Çin texnologiya şirkətlərinin nisbətən ucuz və keyfiyyətli məhsullar təklif etmələrinə baxmayaraq, qlobal süni intellekt yarışında rəqabət qabiliyyətinə dair narahatlıqları artırıb.
Bundan əvvəl iyunda Ağ ev “Anthropic”dən “Claude”, “Fable 5” və “Mythos 5” adlı ən yeni süni intellekt modellərinə xarici vətəndaşların çıxışını məhdudlaşdırmağı tələb etmişdi. Buna səbəb “Fable 5” modelində təhlükəsizlik zəifliyinin aşkarlanması olub.
“Bloomberg Intelligence” analitiki Robert Li hesab edir ki, bu addım ABŞ hakimiyyətinin süni intellekt sahəsində daha sərt tənzimləmə siyasətinə keçdiyini göstərir. Onun sözlərinə görə, ABŞ-nin Çin mənşəli süni intellekt modellərini bloklama ehtimalı artır.
“Bloomberg” yazır ki, bazarda “Alibaba”nın süni intellekt sahəsində irəliləyişinə dair şübhələr şirkətin səhmlərinə təzyiq göstərir. Bundan əlavə, Çində istehlak xərclərinin zəifləməsi və investorların vəsaitlərini Çin internet şirkətlərindən Cənubi Koreya və Tayvanın aparat təminatı və yarımkeçirici istehsalçılarına yönəltməsi də kotirovkalara mənfi təsir edir.







