Gəlirin mənfi cəhətləri və anti-iqtisadiyyat nədir? – Əgər hər kəs keyfiyyətli ayaqqabı alsa və mağazalara çox az-az səfər etsələr ayaqqabı şirkətləri bu vəziyyətdən razı qalmayacaq. Yaşadığımız cəmiyyət sistemi bir çoxlarının əzəldən düşündüyü qədər mükəmməl və qüsursuz deyil. Bəzilərinin əldə etdiyi gəlir ümumilikdə cəmiyyətə zərər yetirir. Məsələn, ən çox tələbat olan məhsullardan birini götürək. Ayaqqabı istehsal edən şirkətlər məhsulunu “kövrək” edir. İstənilən məhsulda ayaqqabının tez yararsız hala düşməsi üçün gizli defekt olur və keyfiyyətsiz materialdan istifadə olunur. Bu planlaşdırılmış köhnəlmədir. Bir çox alimlər bir yerə toplaşaraq məhsulun heç deyilsə yararlılıq müddətinə yaxın bir zamana qədər necə dayanıqlı qala bilməsi üzərində dərin-dərin düşünürlər. Bunun əvəzində isə daha keyfiyyətli məhsul, detalları asan dəyişdirilə bilən elektrik mallarının yaradılması üzərində çalışsalar cəmiyyət naminə daha faydalı olardı.
Bəs hər kəs keyfiyyətli və dayanıqlı məişət texnikası alsa, bu şirkətlərin sonu necə olacaq?! O müflisləşəcək. Nəyə görə alternativ enerji mənbələri inkişaf etmir? Çünki, benzinlə ticarət aparan şirkət iflas edəcək. Neft kimə lazım olacaq?! Bunlar isə təxmin etdiyimiz kimi varlı şirkətlərdir və asanlıqla elmin inkişafına təsir edərək onun müəyyən sahələrini ləngidirlər. Ekoloji problemlər onları narahat etmir və onlar üçün maraqlı olan tək şey gəlirdir. Geyim və ayaqqabıya gəldikdə isə bütün bir ili eyni tərzli ayaqqabıda keçirmək insanlar üçün maraqsızdır. Dəb böyük gəlir gətirir. İnsanlar nəyə pul ödəyir? Brendə. Bəli yalnız məşhur ada. Brendlər də məhz bu məqsədlə yaradılıb.
İnsanların əksəriyyəti iqtisadiyyat və siyasət nədir anlamırlar. Və yaxud bunlar haqqında yalan təsəvvürlərə malikdirlər. İnsanların beyni yalan informasiya ilə doldurulduqda onun ətrafda baş verənləri təhlil etmək qabiliyyəti məhdudlaşır. Bütün gününü gərgin işlə keçirən insan nəyisə təhlil etmək iqtidarında, gücündə belə deyil.
Nasist düşərgələrində belə bir üsuldan istifadə edilirdi. İnsan gün ərzində işdən o qədər yorulurdu ki, o nəinki qaça bilmir, heç qaçış barədə düşünməyə belə gücü qalmırdı. Hazırda isə insanların düşünmək üçün boş qalan zamanını telefonlar, televiziya, internet, futbol matçları və s. kimi şeylər zəbt edib.