Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son iki ay ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı “Azərbaycan Supermarket” MMC (Bravo Supermarket) iş qaldırıb.
Banker.az Dövlər Agentliyinə istinadən xəbər verir ki, “Azərbaycan Supermarket” MMC barəsində iki inzibati xəta haqqında protokol tərtib edilib. Şirkət 26 avqust və 1 sentyabr 2025-ci il tarixlərində qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satdığına görə məsuliyyətə cəlb olunub.
Pozuntuya görə müəssisə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub. Həmin maddəyə əsasən satıcı (icraçı) malın (xidmətin) qiymətini dəqiqliklə göstərməli və kassada istehlakçıdan göstərilən qiymətdən artıq vəsait tələb etməməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti market şəbəkəsi ilə bağlı bu il təqribən 9 dəfə iş qaldırıb.