17 C
Baku
Saturday, November 26, 2022

Antirusiya sanksiyaları Qazaxıstana nə vəd edir?

Rusiyanın Ukrayna ərazində başlatdığı müharibəyə cavab olaraq ABŞ və Qərb tərəfindən tətbiq edilən sərt sanksiyalar onun Avrasiya İqtisadi Şurası (AİŞ) çərçivəsində əsas ticarət tərəfdaşı olan Qazaxıstana təsirsiz ötüşməyib. Qazaxıstanın milli valyutası olan tenqenin məzənnəsi rublla bərarbər olaraq dəyər itirməyə başladı. Vəziyyəti sabitləşdirmək üçün bu ölkənin Mərkəzi Bankı aktiv valyuta intervensiyasını həyata keçirməyə başladı. Belə ki, fevralda valyuta bazarına intervensiyanın toplam həcminin 92 %-i 24-28 fevral aralığında olub. Hazırda tenqenin məzənnəsi nisbətən sabitləşib. Lakin milli iqtisadiyyata təziqlər qalmaqdadır.

Rusiya Qazaxıstanın əsas iqtisadi tərəfdaşıdır. Onun idxalının 40 %-i Rusiyanın payına düşür. Söhbət avadanlıq, aparatura, metal və metal məhsulları, qida və kimya sənayesi məhsullarından gedir. Qərbin Rusiyadan “üz döndərməsi” sonuncunu ticarət- iqtisadi siyasətini Şərqə, o cümlədən AİŞ-yə daxil olan ölkələrə yönəltməyə sövq edə bilər. Rusiya üzərində təziqlər uzunmüddətli olsa bu ölkədən Qazaxıstana idxal kəskin arta bilər. Eyni zamanda idxalın ucuzlaşması müşahidə edilə bilər. Belə olan halda yerli istehsalçıların xarici mallarla rəqabət aparması daha da çətinləşəcək. Bu isə öz növbəsində Rusiya iqtisadiyyatından asıllığı xeyli artıra bilər.

Uzunmüddətli perspektivdə Qazaxıstan istehsalçıları çətin vəziyyətdə olacaqlar. Süd, konditer, un istehsalçıları və digərləri rəqiblərin məhsullarının kəskin ucuzlaşması ilə üzləşəcəklər. Belə bir şəraitdə dövlət tərəfindən maliyyə dəstəyi olmadan vəziyyətdən çıxmaq çətin olacaq. Sanksiyalar Rusiyanın investisiya imkanlarını məhdudlaşdıra bilər. Nəticədə bu ölkədən Qazaxıstan iqtisadiyyatına birbaşa investiyaların axını zəifləyə bilər. Bunun elə bir əhəmiyyətli təsiri olmaya bilər, çünki ən iri (cəmi investisiya qoyuluşlarının 84 %-i) xarici investorlar ABŞ, Avropa İttifaqı və Böyük Britaniyadır. Lakin Rusiyanın Ukraynada başlatdığı münaqişədə “ilişib qalması” tenqenin məzənnəsini sabitləşdirmək üçün istifadə olunan qızıl-valyuta ehtiyyatlarına təziqləri artıracaq. Rusiyanın ardından Qazaxıstan Mərkəzi Bankı da uçot dərəcəsini artırmaq məcburiyyətində qalsa, bu, kreditləşməni bahalaşdlıracaq və nəticə etibarı ilə iqtisadi aktivliyi aşağı salacaq.

Mümkün təsirləri nəzərə alaraq artıq Qazaxıstan hökuməti hərəkətə keçib. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların milli iqtisadiyyata təsirlərinin detallı təhlili üçün Qazaxıstanda antiböhran tədbirlərinin koordinasiyası üzrə operativ qərargah yaradılıb. Antirusiya sanksiyaları fonunda müəssisələrə və ehtiyac olsa əhaliyə dəstək tədbirləri hazırlanacaq. Əlavə büdcə daxilolmalarını təmin etmək üçün bərk faydalı qazıntıların hasilatına görə vergi dərəcələrinin orta hesabla 3 dəfə artırılması planlaşdırılır. Hesablamalara görə, bu, dövlət büdcəsinə daxilolmaları 609 milyon ABŞ dolları artırmağa imkan verəcək. Eyni zamanda Qazaxıstandan kapital axının qarşısını alan tədbirlərin həyata keçirilməsi, xarici şirkətlərin və rəqəmsal mayninqin mənfəət vergisinin artırılması təklif edilir.

Son xəbərlər
Digər xəbərlər
X