21 C
Baku
Tuesday, October 8, 2024

AÖS nədir və hansı banklarda aktivdir? – Araşdırma

Ani Ödənişlər sistemi nədir? 

Vəsaitin bir şəxsdən digər şəxsə köçürülməsi üçün müxtəlif nağdsız ödəniş üsulları mövcuddur ki, onlardan biri də ani ödənişlər sistemidir. Son dövrlərdə müxtəlif ölkələrdə, xüsusilədə Avropada Ani Ödənişlər Sistemi tətbiq edilir.

Ani ödənişlər sistemi dünya təcrübəsində “İnstant Payment system”, yaxud “Fast Payment System” adı ilə tanınır. Avropada bu praktika daha irəlidədir, artıq bir ölkə daxilində deyil, Avropa ölkələri arasında ani ödənişlər sistemi tətbiq edilir.

Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən – Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb.

Sistemin məqsədi nədir? Necə işləyir? 

AÖS-ün yaradılmasında əsas məqsəd Azərbaycanda bank və digər bank olmayan ödəniş xidməti təchizatçılarının müştəriləri olan fiziki və hüquqi şəxslər arasında, həmçinin bu şəxslərlə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində aparıla bilməsinin təmin edilməsidir. Sistemdə aparılan əməliyyatlar üzrə autentifikasiya, avtorizasiya, klirinq və hesablaşmalar vahid tranzaksiya formatında real rejimdə həyata keçirilir. Qısa sözlə desək, Ani ödəniş sistemi vasitəsi ilə siz bir dəfə qeydiyyatdan keçməklə çox bankın sistemi vasitəsi ilə digər şəxsə köçürmə edə bilərsiniz və sizin ödənişinizi digər şəxs həmən an alacaqdır (gözləmədən).

Ənənəvi bank köçürmələri ilə ani ödənişin əsas fərqi nədir?

Ənənəvi bank köçürmələri ilə ani ödənişin əsas fərqi bu əməliyyatın çox qısa zaman kəsiyində avtomatik şəkildə həyata keçirilməsidir. Məsələn, hər hansı bir şəxs bank vasitəsilə vəsait köçürməsi həyata keçirmək üçün bir neçə dəqiqədən bir neçə günədək vaxt sərf edirsə, ani ödənişlər sistemi vasitəsilə bu, saniyələr ərzində həyata keçirilir. Bu sistem hər gün, 24 saat boyunca işlək olur.

AÖS-də hesablaşmalar milli (Azərbaycan Manatı – AZN) valyutada aparılır. Hesablaşmalar iştirakçılar tərəfindən, Real Vaxt Rejimində Banklarası Milli Hesablaşmalar sistemində (AZIPS) onların müxbir hesablarındakı vəsait çərçivəsində, əvvəlcədən müəyyənləşdirilmiş likvidlik limitləri əsasında aparılır. İştirakçı təşkilatlar üçün qeyri-iş günlərində də likvidliyin idarə olunması üçün funksional imkan yaradılıb. Sistemdə hər bir ödəniş tranzaksiyasına 40.000 manat məhdudiyyət müəyyənləşdirilib. Sistem heç bir vaxt məhdudiyyəti tətbiq edilmədən 24/7/365 rejimində fəaliyyət göstərir. AÖS-də istifadəçi tərəfindən başladılan əməliyyat onun bank hesabında və xidmət olunduğu bankın AÖS-də likvidliyin təmin olunması üçün ayrılmış vəsaiti kifayət etdikdə dərhal icra olunur. Əks halda istifadəçiyə ödənişin yerinə yetirilmədiyi haqqında məlumat çatdırılır.

Sistemdə necə qeydiyyatdan keçmək olar?

Sistemə qoşulmuş bankların müştəriləri bu banklara müraciət etməklə öz bank hesablarından AÖS-də istifadə etmək istədiklərini bildirməli və ilkin qeydiyatdan keçməlidirlər. Bundan sonra onlar AÖS-ün mobil tətbiqindən və internet səhifəsindən, həmçinin iştirakçı bankların sistemə inteqrasiya olunmuş mobil tətbiqlərindən istifadə etməklə və yaxud müvafiq bank bölmələrinə müraciət etməklə ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Bu zaman ödəyicilərin rahat formada ödənişləri həyata keçirməsi üçün alternativ identifikasiya metodları olan mobil nömrələrdən, e-mail ünvanlardan, şəxsiyyət vəsiqəsinin FİN kodundan, VÖEN-dən istifadə təmin edilib.

Büdcə, kommunal, rabitə, cərimə, sığorta və digər ödənişlərin vahid platformadan toplanılmasının təmin edilməsi məqsədilə yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) da AÖS-ə inteqrasiya olunmuşdur. Beləliklə, hüquqi və fiziki şəxslər üçün HÖP-ə qoşulmuş təşkilatlar tərəfindən yerinə yetirilən 550-dən çox xidmət üzrə AÖS vasitəsilə ödənişlərin aparılması imkanı yaradılıb.

Azərbaycanın hansı banklarında Ani Ödənişlər Sistemi aktivdir?

“Azərbaycan Beynəlxalq Bank”ı,” Azər Türk Bank”, “Yelo Bank”, “Expressbank”da Ani Ödənişlər Sistemi aktivdir.

 

Son xəbərlər
Digər xəbərlər