Neft bazarında üç mühüm analitik qurum — Beynəlxalq Enerji Agentliyi (BEA), ABŞ Energetika Nazirliyi və “BloombergNEF” 2026-cı il üçün qlobal neft tələbinin artım tempinə dair proqnozlarını yüksəldiblər. Bu, qlobal iqtisadiyyat və ticarət üçün daha müsbət perspektivlərlə izah olunur.
Bundan əlavə, OPEC+ alyansı mövsümi amilləri nəzərə alaraq birinci rüb ərzində hasilat kvotalarını dəyişməz saxlamaq planlarını təsdiqləyib.
Yuxarıda qeyd olunan üç qurumun hamısı 2026-cı ildə neft təklifində ciddi artıqlıq olacağını gözləməkdə davam edir. Bununla yanaşı, yenilənmiş proqnozlar bu göstəricinin miqyası ilə bağlı qiymətləndirmələrdə hələ də nəzərəçarpacaq fərqlərin qaldığını göstərir.
BEA və “BloombergNEF” müvafiq olaraq proqnozlarını gündə 3,8 milyon barel və 3,2 milyon barelədək azaldıblar, ABŞ Energetika Nazirliyi isə proqnozu gündə 2,3 milyon barelədək yüksəldib. Beləliklə, iki əsas məqamı qeyd etmək olar: əvvəllər BEA və BloombergNEF həddindən artıq pessimist mövqe tuturdu, ABŞ Energetika Nazirliyi isə həddən artıq optimist idi; hazırda isə proqnozlar arasındakı fərq azalıb ki, bu da onların orta qiymətləndirmələrinin etibarlılığını artırır.








