“Apple” ən gəlirli brend seçilib

“Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən hesabat dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, ötən il olduğu kimi, “Apple” şirkəti dünya smartfonlar bazarının lideri olaraq qalır. Belə ki, ümumi gəlirin 62 faizi ABŞ istehsalçısının payına düşür. İkinci yerdə 17 faiz paya malik “Samsung” şirkəti qərarlaşıb. Maraqlıdır ki, satılmış smartfonların sayına (ədəd) görə Cənubi Koreya istehsalçısı “Apple” şirkətini üstələyir. Sonrakı mövqelərdə böyük fərqlə Çinin “Huawei”, “OPPO”, “Vivo” və “Xiaomi” şirkətləri qərarlaşıb.

Ekspertlərin hesablamalarına görə, Çin istehsalçılarının ümumi gəlirləri birlikdə toplandıqda onlar 20 faiz payla ikinci yerə çıxırlar. “Counterpoint” analitikləri qeyd edir ki, Çin istehsalçıları hesablamaların aparıldığı müddətdə ilk dəfə olaraq rüb ərzində ümumilikdə 2 milyard dollardan çox qazanc əldə ediblər.

Eyni zamanda liderlər – “Apple” və “Samsung” şirkətlərinin payının azalması maraq doğurur. Qeyd edilən Çin şirkətlərinin payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

“Counterpoint” şirkətinin məlumatına görə, qlobal gəlirin 1 faizi təxminən 600 istehsalçı arasında bölüşdürülüb.