“Apple” 2026-cı ilin martında yeni “MacBook” modelini təqdim edəcək. Cihaz 2026-cı ilin martında keçiriləcək tədbirdə elan olunacaq, bu barədə mənbələrə istinadən “Bloomberg”in icmalçısı Mark Qurman yazır.
Noutbuk “parlaq” rənglərdə təqdim ediləcək. Yekun seçim hələ müəyyənləşməyib, lakin “Apple” açıq sarı, açıq yaşıl, mavi, çəhrayı, gümüşü və tünd boz variantları nəzərdən keçirir.
Qurmanın məlumatına görə, noutbukda iPhone üçün nəzərdə tutulmuş prosessordan istifadə olunacaq. Ekranın diaqonalı “13 düymdən bir qədər az” olacaq.
Cihaz aşağı qiymətə baxmayaraq plastik deyil, alüminium korpusa sahib olacaq. Materialdan imtina etməmək üçün “Apple” alüminium korpusların istehsalı üzrə yeni texnologiya hazırlayıb.
Qurmanın yazdığına görə, qiymət 1000 dollardan aşağı olacaq. 9To5Mac isə cihazın 599 və ya 699 dollar ola biləcəyini bildirib.






