9 C
Baku
Thursday, December 12, 2024

“Apple” 6G rabitə sistemlərini inkişaf etdirəcək mühəndislər axtarır

“Apple” şirkəti altıncı nəsil (6G) mobil rabitə sistemlərini inkişaf etdirəcək mühəndislərin axtarışına başlayıb.

Banker.az bu baradə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, 2020-ci ildə şirkət 5G ilə işləyən iPhone satışa çıxarıb.

iPhone və MacBook istehsalçısı bu həftə mövcud nəsil (5G) və yeni nəsil (6G) şəbəkələri üzərində tədqiqatlar aparacaq mühəndislər axtardığını açıqlayıb. Şirkət elanında 6G texnologiyasının şirkətin gələcək məhsullarına böyük təsir göstərəcəyini qeyd edib.

Ekspertlərin sözlərinə görə, 6G şəbəkəsinin 2030-cu ildən tez olmayaraq yaradılacağı gözlənilir. Bununla yanaşı, vakansiya siyahıları “Apple”ın yeni texnologiyaların inkişaf etdirilməsində iştirak etmək istədiyini göstərir.

Xatırladaq ki, 2020-ci ilin sonlarında “Apple” 6G və digər yeni nəsil mobil texnologiyalar üçün standartlar üzərində işləyən şirkətlər qrupuna qatılıb. Bildiyimiz kimi, 6G-nin standartları və tarixləri hələ dəqiq müəyyənləşdirilməyib, lakin onun 5G-dən yüz qat sürətli olacağı iddia olunur.

Bu vakansiyalar “Apple”ın öz texnologiyalarını inkişaf etdirməyə çalışdığına işarə edir. Qeyd edək ki, şirkət artıq iPhone, iPad və Mac üçün öz prosessorlarını yaradıb və hal-hazırda AirPods və Apple Watch üçün çiplər üzərində iş aparır.

Eyni zamanda, “Apple”ın 5G-nin üstünlüklərindən tam istifadə etdiyini söyləmək olmaz. Belə ki, bu texnologiya yalnız son iPhone modellərində mövcuddur (iPhone 12 seriyası).

Daha əvvəl “Apple”ın əlavə reallıq texnologiyalarını inkişaf etdirmək üçün “Taiwan Semiconductor Manufacturing Co.” (TSMC) ilə birgə müəssisə yaratması xəbəri çıxmışdır.

Son xəbərlər
Digər xəbərlər