“Apple” korporasiyası “App Store”da NFT əməliyyatlarına icazə verib. Qeyd olunur ki, bu icazə NFT yaratmağa, satmağa və almağa imkan verir. Şərtlərdə həmçinin bildirilir ki, “Apple”ın proqramlarının və rəqəmsal tokenlərin və valyutaların ticarətinə imkan verən digər proqramların dərcinə etirazı yoxdur, bir şərtlə ki, bu birjalar tətbiqin yayıldığı orqanlardan tələb olunan lisenziyalara malik olsunlar.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Xatırladaq ki, “Apple” daxili ödəniş mexanizmi vasitəsilə xidmətlərin ödənilməsinə görə əməliyyat məbləğinin 30%-i həcmində rüsum alır. Bu, “Apple”ın oyun tərtibatçısı “Epic Games” və musiqi axını xidməti “Spotify” daxil olmaqla bir neçə şirkətlə toqquşmasına səbəb olub.
NFT-token sizə rəqəmsal sənət əsəri və ya hər hansı digər virtual obyekt almağa və mülkiyyət sənədini almağa imkan verir. NFT-nin yüksəlişi 2021-ci ilin yazında başlayıb: o ildə “Twitter”in həmtəsisçisi, milyarder Cek Dorsi sosial şəbəkə tarixində ilk tvitin tokenini 2.9 milyon dollara satıb.
Texnologiya bumu 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlinə təsadüf edib, lakin sonra tənəzzül baş verib. “Bloomberg” “Dune Analytics”ə istinadən yazır ki, sentyabrın sonuna ticarət həcmi yanvarın rekord qiymətindən 97% azalıb: göstərici 17 milyard dollar əvəzinə 466 milyon dollar təşkil edib.