Londonun Rəqabət üzrə Apellyasiya Məhkəməsi (Competition Appeal Tribunal — CAT) App Store-da tətbiq hazırlanması üçün tərtibatçılardan tutulan komissiyalarla bağlı mübahisədə Apple-in əleyhinə qərar verib. Reuters-in verdiyi məlumta görə, məhkəmə şirkətin tərtibatçılardan ədalətsiz komissiyalar alaraq dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən edib. İddianı CAT-a Böyük Britaniya üzrə iPhone və iPad istifadəçiləri adından britaniyalı alim Reyçel Kent qaldırıb.
CAT-in qərarına əsasən, Apple 2015-ci ilin oktyabrından 2020-ci ilin sonuna qədər dominant mövqeyindən sui-istifadə edib: o, tətbiqlərin yayılması bazarında rəqibləri aradan çıxarıb və tərtibatçılardan “həddindən yüksək və ədalətsiz komissiyalar” alıb. Apple bildirib ki, bu qərarı apellyasiya verəcək: şirkətin qiymətləndirməsinə görə, qərar tətbiq ekosisteminin çiçəkləndiyi və rəqabətədavamlı olduğu barədə yanlış təsəvvürə əsaslanır. İddiaçılar zərərin təxminən 1,5 milyard funt sterlinq (2 mlrd ABŞ dolları) olduğunu bildiriblər.
İş üzrə növbəti dinləmə noyabrda keçiriləcək. Məhkəmə zərərin hesablanması qaydasını müəyyən etməli və Apple-in apellyasiya verməsinə icazə ilə bağlı müraciətini nəzərdən keçirməlidir. Reyçel Kent iddiasında qeyd edib ki, Apple tətbiqlərin yayılması və daxili ödənişlər sahəsində istənilən rəqabəti aradan qaldıraraq həddindən yüksək mənfəət əldə edib.
Məhkəmə prosesinə 2025-ci ilin yanvarında start verilib. O zaman iddiaçının vəkilləri bildirmişdilər ki, Apple-in “100%-lik monopoliyası” ona məhdudlaşdırıcı şərtlər tətbiq etməyə və tərtibatçılardan həddindən yüksək komissiyalar almağa imkan yaradır. Apple isə bunu təkzib edib.
Kent qeyd edib ki, CAT-in qərarı Britaniyada kollektiv iddia mexanizminin işlədiyini göstərir və aydın mesaj verir: istənilən qədər varlı və nüfuzlu olsa belə, heç bir şirkət qanundan üstün deyil. Agentliyin yazdığına görə, bu iş məhkəmədə baxılmış ilk kollektiv və kütləvi iddia olub. Kollektiv iddialar mexanizmi 10 il əvvəl işə düşüb, bu müddətdə bir neçə milyard funt sterlinqlik iddialar verilib, lakin istehlakçılar üçün böyük uğur gətirməyib.
22 oktyabrda Apple-a qarşı Avropa İttifaqında (Aİ) App Store şərtləri üzrə şikayət verilib. 2026-cı ilin oktyabrında isə Google-un Play Store-a çıxış üçün tərtibatçılardan aldığı komissiya ilə bağlı işə baxılacaq. Bu iş ABŞ-də Apple ilə məhkəmə çəkişməsi aparan Epic Games-in analoji iddiası ilə paralel şəkildə araşdırılacaq. Agentlik xatırladır ki, digər texnoloji nəhənglər, o cümlədən Amazon və Microsoft da CAT-də böyük iddialarla üzləşiblər.








