Banker.az saytının verdiyi məlumata görə, ekspertlər Apple brendinin populyarlığının artmasını yeni iPhone smartfonunun buraxılması və Galaxy Note 7 telefonu ilə yaşanan uğursuzluqla əlaqələndirirlər. Samsung şirkəti cihazların partlamasına görə seriyanın bütün telefonlarını geri çağırmalı oldu. Bu şirkətə 3 milyard dollara başa gəldi.
Statista-nın elan etdiyi yeni məlumatlara görə, 2016-cı ilin dördüncü rübündə Apple şirkəti 78,3 milyon smartfon satıb. Samsung şirkətinin satdığı movil cihazların sayı isə 77,5 milyondur.
Son aylar ərzində Apple şirkətinin satışları 2015-ci ilin analoji dövrü ilə müqayisədə 4,7% artıb. Bu artıma təsir edən başlıca amil iPhone 7 və iPhone 7 Plus satışlarında əldə edilən uğurdur. Şirkət hazırda yeni iPhone 7s üzərində işləyir.
iPhone smartfonlarının uğuruna baxmayaraq, Apple brendi dəyər itirir. 1 fevral tarixində elan edilən dünyanın ən bahalı brendləri reytinqində şirkət 5 ildə ilk dəfə olaraq birinci pillədən ikinci pilləyə endi.