“Apple” Ümumdünya Tərtibatçılar Konfransında ən son M2 çipi ilə təchiz olunmuş yeni MacBook Air və MacBook Pro təqdim edib, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Şirkət vurğulayıb ki, o, enerjiyə qənaət etmək imkanlarına diqqət yetirir və mümkün olduğu qədər çipin sürətini artırır. Yeni MacBook Air və MacBook Pro dörd rəngdə mövcud olacaq və qiymətləri müvafiq olaraq $1199 və $1299 təşkil edəcək.
MacBook Air köhnə nəsil çip, 13.6 düymlük ekran və iki Thunderbolt portu ilə təchiz olunub. Ondan fərqli olaraq MacBook Pro yeni M2 çipi üzərində qurulub və 13 düym ekran və 24 GB operativ yaddaş alıb.
Qeyd edək ki, “Apple” satışların başlayacağı tarixi rəsmi olaraq hələ açıqlamayıb. Ehtimallara görə, onların növbəti ayda çıxacağı gözlənilir – istehsal Çindəki karantin səbəbindən bir qədər ləngiyib.
Eyni zamanda korporasiya iPhone üçün yeni iOS 16 əməliyyat sistemini nümayiş etdirib. Ən çox dəyişiklik kilid ekranı alıb: burada şrifti və vaxtın/tarixin rəngini redaktə etmək mümkün olacaq. Apple Watch (watchOS 9), iPad (iPadOS 16) və Mac (macOS Ventura) üçün də yeni proqram təminatı təqdim olunub.
Qeyd edək ki, təqdimatda həmçinin hissəli ödəniş xidməti olan Apple Pay Later nümayiş etdirilib. Xidmət bu və ya digər məhsulu altı həftəlik hissəli ödənişlə almağa imkan verir.