“Apple” ildə bir dəfə keçirilən “Worldwide Developers Conference” (WWDC 2026) tədbirində bütün cihazları üçün yeni əməliyyat sistemlərini — iOS 27, iPadOS 27, macOS 27, watchOS 27, tvOS 27 və visionOS 27-ni təqdim edib. Yenilik arasında əsas diqqət mərkəzində süni intellekt və tamamilə yenilənmiş “Siri AI” səs köməkçisi dayanır.
Yeni “Siri AI” ayrıca tətbiqə çıxarılıb və istifadəçilərə çat interfeysi vasitəsilə mətn və ya səs formatında ünsiyyət qurmağa imkan verir. Şirkət nümayəndələrinin sözlərinə görə, köməkçi konteksti daha yaxşı anlayır, elektron poçt və mesajlaşmalardakı yazışmaları, təqvimi və kontaktları təhlil edərək mürəkkəb tapşırıqları yerinə yetirə bilir. Siri həmçinin ekrandakı şəkillər və sənədlərlə bağlı suallara cavab vermək imkanına malikdir.
iOS 27, iPadOS 27 və macOS 27-də “Spotlight” və “Siri” funksiyalarını birləşdirən “Search or Ask” (Tap və ya soruş) sistemi istifadəyə verilib. Bu funksiya ekranın yuxarı hissəsindən sürüşdürmə ilə açılır və istifadəçilərə mətn və ya səs vasitəsilə sorğular göndərməyə imkan yaradır. Əməliyyat sisteminə müxtəlif süni intellekt modelləri arasında keçid etmək imkanı da inteqrasiya olunub. Mürəkkəb tapşırıqlar zamanı “Siri” sorğunu “ChatGPT”, “Gemini” və ya “Claude” kimi digər köməkçilərə yönləndirir.
Proqram təminatında digər yeniliklər
“Şəkillər” tətbiqinə generativ süni intellekt funksiyaları əlavə olunub. Kamera tətbiqində isə obyektləri, mətnləri, məkanları tanıyan, məhsul qablaşdırmalarındakı məlumatları oxuyan vizual tanıma rejimi istifadəyə verilib. İstifadəçilər süni intellekt vasitəsilə divar kağızları da yarada biləcəklər.
Yeniləməni quraşdırmaq üçün Apple Silicon (M seriyası) və ya A seriyalı çiplə təchiz edilmiş cihaz tələb olunur.
Yeni əməliyyat sistemlərinin 2026-cı ilin payızında bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir. Şirkət həmçinin valideyn nəzarəti imkanlarını genişləndirib. Bundan sonra valideynlər övladlarının hansı məzmun və tətbiqlərdən istifadə edə biləcəyini daha dəqiq şəkildə tənzimləyə biləcəklər.







