Amerikanın “Apple” korporasiyası İndoneziya hakimiyyətinə ölkədə iPhone 16-nın satışına qoyulan qadağanı aradan qaldırmaq üçün əlavə investisiyalar təklif edib, bu barədə “Bloomberg” yazır.
Bildirilir ki, ən azı 10 milyon dolların “Apple” smartfonları üçün aksesuar və komponentlər istehsal edəcək zavoda yatırılması planlaşdırılır. Qeyd olunur ki, komponentlərin milli uyğunluq sertifikatının tələblərini yerinə yetirənə qədər ticarət məhdudiyyətləri qalacaq.
Öz növbəsində İndoneziyanın sənaye naziri Agus Qumivanq Kartasasmita bildirib ki, “Apple” iPhone satmaq üçün ümumi məbləği 1.71 trilyon rupi (təxminən 109 milyon dollar) olan investisiya öhdəliklərini yerinə yetirməlidir.
Xatırladaq ki, daha əvvəl İndoneziya hökuməti komponentlərin ölkədə istehsal olunmasını tələb edən qaydaları pozduğuna görə “Apple” və “Google” şirkətlərinin cihazlarının satışını qadağan edib.