İndoneziya səlahiyyətliləri “Apple” ilə ilkin razılığa gəldiklərini və ölkədə iPhone 16 satışına qoyulan qadağanın aradan qaldıracaqlarını bildiriblər. Xatırladaq ki, oktyabrın sonunda İndoneziya hökuməti “Apple”ın ikitərəfli müqavilələrin şərtlərini pozmasını əsas gətirərək, ölkədə iPhone 16-nın satışını qadağan etmişdi.
Sənaye Nazirliyi bildirib ki, son model smartfonlarını satmaq üçün ABŞ şirkəti ölkəyə 1.7 trilyon İndoneziya rupisi (109 milyon dollar) investisiya etməlidir.
İndoneziyanın investisiya naziri Rosan Reslani qeyd edib ki, danışıqlar zamanı “Apple” ölkəyə 1 milyard dollar sərmayə etməyi təklif edib. Sənaye naziri Agus Kartasasmita daha əvvəl bildirmişdi ki, onun departamentinin əsas məqsədi İndoneziyada böyük yığma zavodunun tikintisi ilə bağlı “Apple” ilə razılığa gəlməkdir.
“Apple” İndoneziyada iPhone 16 satışına qoyulan qadağanı aradan qaldırmaq üçün yeni investisiyaların mümkünlüyü ilə bağlı xəbərləri hələ şərh etməyib.