“Apple” yaxın həftələrdə müştərilərinə məhsullarını hissəli ödəniş ilə almaq imkanını təqdim edəcək. Banker.az xəbər verir ki, “Bloomberg” in mənbələrə istinadən verdiyi məlumata görə, bundan sonra Mac və iPad cihazlarını şirkətinin özünün buraxdığı Apple Card vasitəsilə əldə etmək mümkün olacaq. Qeyd edildiyi kimi, alıcı məbləği bir neçə ay ərzində faizsiz olaraq ödəyə bilər.
Mac kompüteri, Apple Pencil stilusu və iPad üçün bir illik, AirPods, Apple TV konsolu və HomePod ağıllı kolonka üçün altı aylıq, iPhone üçün isə iki illik hissəli ödəniş təklif olunur.
“Apple” in rəhbəri Tim Kuk hesab edir ki, bu proqram Apple Card istifadəçilərinin sayını, habelə qadjetlərin satışlarını artırmağa kömək edəcək.
Xatırladaq ki, Apple Card 2019-cu ildə “Goldman Sachs” bankı ilə birgə buraxılıb. Kartı “Wallet” tətbiqi vasitəsilə idarə etmək mümkündür. Hələki Apple Card-ın rəsmiləşdirilməsi yalnız ABŞ-da və ABŞ vətəndaşları üçün əlçatandır. Buna baxmayaraq, yaxın gələcəkdə onun digər ölkələrdə də istifadəyə verilməsi planlaşdırılır