Texnologiya dünyasının nəhəngi – Amerikanın “Apple” şirkəti keçmişdən vergi borcu kimi qalmış 500 milyon avro vəsaiti ödəmək barədə Fransa hökuməti ilə razılıq əldə edib.
“Apple” şirkətinin açıqlamasında Fransanın vergi orqanlarının bir az bundan əvvəl şirkətin bu ölkədəki hesabları ilə bağlı bir neçə ili əhatə edən audit araşdırması apardığı və nəticələrinin ictimaiyyət üçün açıqlanacağı göstərilib. Fransanın iqtisadiyyat naziri Bruno Le Mar ötən ilin dekabrında bildirmişdi ki, “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi şirkətlərin gəlirləri 2019-cu ildən vergiyə cəlb ediləcək. Avropa ictimaiyyəti arasında bu şirkətlər öz gəlirləri haqqında bəyannamələrini gəliri əldə etdikləri ölkələrdə deyil, daha az vergi ödənilən ölkələrdə verdikləri üçün tənqidlərə məruz qalırlar.