“Apple” tibbi maska taxanlar üçün “Face ID” funksiyasını sadələşdirdi

“Apple” şirkəti iOS 13.5 əməliyyat sistemi üçün yenilik təqdim edib. İndi tibbi maska taxan istifadəçilər “Face ID” kilidini parol vasitəsilə daha rahat aça biləcəklər – bunu etmək üçün barmağı ekranının aşağısından yuxarıya doğru sürüşdürmək lazımdır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl tibbi maska taxan istifadəçilər “Face ID” işləmədiyindən smartfonun kilidini açmaq üçün bir neçə saniyə gözləməli olurdular.

iOS 13.5 həmçinin Covid-19 virusuna yoluxmuş insanların izlənilməsi funksiyasını da dəstəkləyir. İstifadəçilər tətbiqin köməyi ilə sağlamlığı daha keyfiyyətli qoruya biləcəklər.

Bundan əlavə, iOS 13.5 “FaceTime” da pəncərə ölçüsünün avtomatik dəyişməsi funksiyasını söndürməyə imkan verir.