“Apple” şirkətinin nümayəndələri Donald Tramp administrasiyana müraciət edərək xahiş ediblər ki, prezident Çindən gətirilən mallara ticarət tariflərini tətbiq etməsin. Məktub ABŞ-ın Ticarət nümayəndəsi olan Robert Laytxayzerə ünvanlanıb. Belə ki, yeni tariflər iPhone, iPad, Mac, AirPods və AppleTV kimi məhsulların istehsalına zərər verəcək.
Xatırladaq ki, cari ilin may ayının əvvəlində Tramp ticarət tariflərini 10%-dan 25% qədər artırıb. Bunun əsas səbəbi isə prezidentin Pekinlə aparılan danışıqların nəticəsindən məmnun qalmaması olmuşdur. Qeyd edək ki, tərəflər arasında ticarət mübahisələri hələ də davam edir və heç bir razılığa gəlinməyib. Yekun qərar iyun ayının axırlarında, G20 təşkilatının Osakada keçiriləcək sammitində qəbul ediləcək.
“Apple” a görə, Çin və ABŞ arasında gedən ticarət müharibəsi şirkətin dünya bazarındakı rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Şirkətin baş icraçı direktoru Tim Kuk iyun ayının 14-ü Tramp ilə görüşərsə də, bu məsələ ilə bağlı heç bir nəticə əldə edə bilməmişdir.
Bu, biznes nümayəndələrinin Trampa etdikləri ilk müraciət deyil. May ayının axırlarında “Nike”, “Adidas”, “Converse”, “Asics” və “Clarks” da daxil olmaqla 173 şirkət hökumətə müraciət məktubu göndərib. Onların fikrincə, yeni tariflər ABŞ istehlakçıları və iqtisadiyyatı üçün “faciəvi” fəsadlara gətirib çıxara bilər.