Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib.
Hər gün 150-dən çox ağ avtobus Çennayın kənarındakı qara asfalt yollarla hərəkət edərək işçiləri Tayvanın nəhəng istehsalçısı Hon Hai Precision Industry Co.-nun, daha çox Foxconn kimi tanınan şirkətin zavoduna aparır. Əslində, buranı sadəcə zavod adlandırmaq onun miqyasını ciddi şəkildə kiçiltmək olardı. Söhbət 160 akr (65 ha yaxın) ərazini əhatə edən əsl sənaye qalasından gedir: burada montaj sexləri, sınaq və anbar sahələri, doqquz yataqxana qülləsi, nəhəng dayanacaqlar və hətta öz elektrik stansiyası var. Təxminən 40 min əməkdaş 700-ə yaxın mühafizəçinin ciddi nəzarəti altında üç növbədə çalışaraq iPhone yığır. Buradan təxminən 30 kilometr aralıda isə hazırda Tata qrupunun nəzarətində olan Pegatron Corp.-un idarə etdiyi başqa bir montaj zavodu yerləşir. Burada da eyni dərəcədə ciddi iş rejimində təxminən 10 min nəfər, əsasən qadınlar çalışır.
Məhz bu cür nəhəng istehsal əməliyyatları Apple Inc.-in dünyanın ən bahalı şirkətlərindən birinə çevrilməsinə kömək edib. Cəmi bir neçə il əvvəl iPhone istehsal edən ən böyük zavodlar yalnız materik Çində yerləşirdi. Orada Apple, Çin hökuməti və Foxconn kimi kontrakt istehsalçıları arasında özünəməxsus simbioz yaranmışdı. Apple başqa ölkələrdə istehsalla bağlı təcrübələr aparsa da, Çinə ciddi rəqibin yarana biləcəyi barədə fikirlər adətən skeptisizmlə qarşılanırdı. Lakin Çennaydakı zavod — Hindistanda iPhone istehsal edən ilk böyük müəssisə — ölkənin bu şübhələri puça çıxara biləcəyinin əyani sübutuna çevrilib.
Hindistanın elektronika istehsalı imkanlarını modernləşdirmək kursu Narendra Modinin 2019-cu ildə yenidən baş nazir seçilməsindən cəmi bir neçə həftə sonra başlayıb. Hökumətin kiçik bir qrup rəsmisi Yeni Dehlidə federal hökumətin yerləşdiyi müstəmləkə dövrünə aid Raisina Hill kompleksində iki saatlıq görüş keçirib. Toplantıda Apple da daxil olmaqla bir neçə texnologiya şirkətinin rəhbərləri və sektor lobbiçiləri iştirak ediblər. Artıq həmin dövrdə iPhone istehsalçısının rəhbərliyini Çindən həddindən artıq asılılıq getdikcə daha çox narahat edirdi. Bu asılılıq şirkəti həm Pekindəki avtoritar rəhbərliyin gözlənilməz qərarları, həm də ABŞ ilə Çin arasında yetişməkdə olan ticarət müharibəsi qarşısında həssas vəziyyətə salırdı.
Bir neçə il ərzində Hindistanda kiçik həcmdə istehsal həyata keçirən Apple-ın bu ölkədə fəaliyyətini genişləndirməyə ehtiyatla yanaşması üçün də səbəblər var idi. Apple-ın da üzv olduğu Hindistan Mobil Rabitə və Elektronika Assosiasiyası həmin dövrdə araşdırma sifariş etmişdi. Araşdırma göstərmişdi ki, Hindistanda istehsalı 100 dollara başa gələn telefon Çində cəmi 81–83 dollara istehsal olunur. Buna elektronika təchizatçılarının sıx şəbəkəsi və istehsalın nəhəng miqyası imkan verirdi. Üstəlik, Hindistan yeganə alternativ deyildi: Vyetnamda belə telefonun istehsal dəyəri 87–89 dollar təşkil edərdi.
Buna baxmayaraq, görüşdən sonra Hindistan rəsmiləri onların vaxtının çatdığına əmin idilər. “Bildiyiniz kimi, qızıl fürsət qapımızı döyür”, — baş nazirin baş katibi Nripendra Misra görüşdən az sonra hökumətin nüfuzlu analitik mərkəzinin baş direktoru Amitabh Kanta şəxsi məktubunda yazmışdı. Misranın sözlərinə görə, geosiyasi və iqtisadi tendensiyalar Çinə alternativləri böyük istehsalçılar üçün qəfil şəkildə daha cəlbedici edirdi. “Buna görə də maraqlı tərəflərlə məsləhətləşərək bu fürsətdən istifadə etmək üçün əlverişli normativ baza hazırlamağınızı xahiş edirik”, — məktubda deyilirdi.
Bir neçə ay sonra Modi kabineti beş il ərzində mobil telefon istehsalına 410 milyard rupi, yəni təxminən 4,3 milyard dollar dövlət subsidiyası ayırmağı təsdiqlədi. Proqram tam vaxtında başladı: məhz həmin dövrdə Apple-ın Çinlə bağlı narahatlıqları COVID-19 pandemiyası fonunda genişmiqyaslı böhrana çevrilməyə başlamışdı. Bloomberg Businessweek-in Apple-ın Hindistanda genişlənmə planları və hökumətlə danışıqları ilə tanış 10 ekspertlə müsahibələri göstərir ki, bu addım Hindistanın elektronika istehsalında daha böyük sıçrayışının təməlini qoydu. Hindistanın Apple üçün əlverişli siyasəti ölkəni hələlik iPhone istehsalı üçün dünyanın ən ucuz məkanına çevirməyib, lakin qlobal elektronika təchizat zəncirlərinin ciddi şəkildə yenidən qurulmasına səbəb olub. Apple məqalə üçün şərh verməkdən imtina edib, Hindistanın Texnologiyalar Nazirliyi isə sorğuya cavab verməyib.
Martda başa çatan 12 ay ərzində Hindistanda təxminən 55 milyon iPhone istehsal olunub. Hazırda iPhone 17 xəttinin bütün dörd modeli ölkədə yığılır. Bu, ilk dəfədir ki, yeni iPhone nəslinin bütün versiyaları erkən buraxılış mərhələsindən etibarən Hindistanda istehsal edilir. Dünyanın sahəsinə görə ikinci ən böyük iPhone zavodu indi Banqalorun kənarında yerləşir və burada təxminən 30 min əməkdaş ən yeni modelləri yığır.
iPhone istehsalının mürəkkəbliyi Hindistanı daha geniş sənaye kompetensiyalarını inkişaf etdirməyə məcbur edib. Apple-ın Tayvanlı kontrakt istehsalçıları ölkə boyu bir neçə başqa montaj müəssisəsi də yaradıblar və burada Çinin Çjençjou şəhərində illər ərzində təkmilləşdirdikləri sənaye metodlarından istifadə edirlər. Hətta iPhone istehsalında istifadə olunan avadanlığın bir hissəsi artıq Hindistanda hazırlanır. Bu, gələcəkdə başqa məhsullar üçün də istifadə oluna biləcək yerli elektronika istehsal bazasının yaradılması yolunda mühüm addımdır.
Elektronika artıq Hindistanın ixracında üçüncü ən böyük kateqoriyaya çevrilib. Ondan öndə yalnız maşınqayırma məhsulları — buraya sənaye avadanlığı və avtomobil komponentləri daxildir — və neft məhsulları gəlir. Modinin altı il əvvəl tətbiq etdiyi subsidiyaların müddəti martda başa çatıb. İyulda isə Hindistan ümumi həcmi 625 milyard rupi olan yeni dövlət dəstəyi raundunu elan edib. Bu proqram təchizatçı bazasının daha da dərinləşməsinə və yerli komponentlərin payının artmasına səbəb ola bilər. Subsidiyalar yalnız Apple üçün nəzərdə tutulmasa da, şirkətin onların əsas benefisiarlarından biri olacağı gözlənilir.
Hindistan iPhone istehsalında Çinin mövqelərini daha da zəiflətmək istəyirsə, yerli istehsalın maya dəyərini daha da aşağı salmalıdır. Bundan əlavə, ölkə Çinin artan müqaviməti ilə də üzləşə bilər. Çin hökumətinin Apple-ın təchizat zəncirində dominantlığını qorumaq üçün ciddi iqtisadi marağı var, Hindistanla münasibətlər isə tez-tez mürəkkəb olub. Çin artıq Hindistandakı zavodları ixtisaslı Çin işçi qüvvəsindən və xüsusi avadanlıqlardan məhrum etmək üçün müəyyən addımlar atıb. Hələlik vəziyyət genişmiqyaslı eskalasiyaya çevrilməyib. Bununla belə, həm Apple, həm də Hindistan Çinin yüksək texnologiyalı istehsal üzərindəki möhkəm nəzarətinin zəiflədiyini düşünmək üçün əsaslara malikdir və bu nəzarətin nə qədər daha zəiflədilə biləcəyini yoxlamaq istəyirlər.
1990-cı illərin ortalarına qədər Apple məhsullarının bir çoxunu ABŞ-də istehsal edirdi. Lakin daha sonra şirkət belə nəticəyə gəldi ki, bu model miqyas, sürət və maya dəyəri baxımından rəqabət qabiliyyətini qorumağa mane olur. 2000-ci illərin əvvəlində Tim Kuk şirkətin əməliyyat direktoru olduğu vaxt Foxconn ilə sıx əməkdaşlıq etməyə başladı. Həmin dövrdə şirkət 2007-ci ildə ilk iPhone-un istehsalı üçün Çində nəhəng zavodlar qururdu. Xarici investisiyaları cəlb etməyə çalışan Çin Apple-a səxavətlə vergi güzəştləri və subsidiyalar təqdim edir, ucuz işçi qüvvəsi və torpaq təmin edir, infrastruktura, xüsusilə sənaye parklarına böyük sərmayələr yatırırdı.
Montaj zavodlarının ətrafında geniş komponent təchizatçısı şəbəkələri formalaşdı. 2010-cu illərə gəldikdə Apple-ın istehsal tərəfdaşlarının təxminən 80%-i Çində yerləşirdi. Hətta bu gün də şirkətin ən məşhur cihazlarının böyük hissəsi Foxconn-un Çjençjoudakı zavodunda istehsal olunur. Təxminən 200 min insanın çalışdığı bu nəhəng kompleks miqyasına görə qeyri-rəsmi olaraq “iPhone şəhəri” adlandırılır.
Bu təchizat zəncirinin inkişafı həm Apple-ı, həm də Çini dəyişdirdi. Əməkdaşlığın ilk illərində Çin tez-tez transmilli korporasiyalar üçün sadəcə ucuz işçi qüvvəsi mənbəyi kimi qəbul edilirdi. Lakin Çin şirkətləri yüksək keyfiyyətli cihazları nəhəng həcmdə istehsal etməyə imkan verən mürəkkəb prosesləri mənimsədikcə, Apple onların istehsal və mühəndislik sahəsində artan təcrübəsindən faydalanmağa başladı. Apple-ın diqqəti isə öz növbəsində Çinə dəqiq istehsal bacarıqlarını təkmilləşdirməyə kömək etdi və təkcə telefon deyil, akkumulyatorlar, OLED ekranlar və digər komponentlər istehsal edən güclü sənayenin yaranmasına gətirib çıxardı. Bu prosesin nəticələri smartfon bazarının hüdudlarından çox kənara çıxıb.
Apple-ın Hindistana ilkin marağı isə əsasən ölkənin böyük istehlak bazarı potensialı ilə bağlı idi. Şirkət Hindistanda iPhone satışına 2008-ci ildə başlayıb, lakin ilk illərdə satış həcmi kifayət qədər aşağı olub. Tim Kukun 2016-cı ildə baş direktor kimi Hindistana ilk səfəri zamanı Apple-ın ölkənin smartfon bazarındakı payı cəmi 1,5% idi.
Kuk Hindistana bir neçə müavininin daxil olduğu nümayəndə heyəti ilə gəlmişdi. Onlar Modi ilə görüşərək şirkətin daha çox əməliyyatının ölkəyə köçürülməsi imkanını müzakirə etdilər. Həmin vaxt Apple əsasən işlənmiş iPhone-ların idxalı, bərpası və Hindistan bazarında satışı üzərində fokuslanırdı. Şirkət Yeni Dehlidə material və avadanlığın idxal rüsumlarının azaldılmasını, eləcə də təchizat mənbələri ilə bağlı tələblərin yumşaldılmasını lobbiləşdirirdi. Hindistan rəsmiləri isə telefonların bərpası ideyasına skeptik yanaşırdı. Onlar ölkənin ikinci dərəcəli məhsulların satış meydançasına çevrilməsindən ehtiyat edirdilər. 2017-ci ilin əvvəlində hökumət Apple-ın vergi güzəştləri ilə bağlı müraciətlərini rədd etdi.
Tezliklə Apple-ın planları sadəcə cihazların bərpası ilə məhdudlaşmadı. Tim Kukun dəstəyi ilə əməliyyatlar üzrə vitse-prezident Priya Balasubramaniam Hindistana səfərlər etməyə və ölkədə iPhone montajının “sınaq buraxılışını” araşdırmağa başladı. Balasubramaniam təhsilcə mexanika mühəndisidir. O, Banqalorda böyüyüb, daha sonra Miçiqanda aspirantura təhsili almaq üçün ABŞ-yə köçüb. O, Foxconn və digər Tayvan şirkəti Wistron Corp. ilə Hindistanda müvafiq istehsal güclərinin yaradılması barədə danışıqlar aparırdı. İki şirkətdən daha kiçiyi olan Wistron fürsətdən dərhal yararlanmağa hazır idi.
Növbəti məsələ yer seçimi idi. Variantlardan biri Hindistanın avtomobil sənayesinin mərkəzi olan və artıq inkişaf etmiş sənaye bazasına malik Çennay idi. Lakin burada işçi qüvvəsi nisbətən baha idi və əməkdaşlar iş yerlərini tez-tez dəyişirdilər. Digər variant Banqalor idi. Burada əmək xərcləri və işçi dövriyyəsinin daha aşağı olacağı gözlənilirdi. Wistron-un Banqalorda artıq iPhone servis və təmir mərkəzi var idi və şirkət bu əməliyyatları genişləndirmək istəyirdi. Apple-ın Hindistandakı ilk fəaliyyət mərhələlərində şirkətlə işləyən şəxslərin sözlərinə görə, Wistron-un bu həvəsi Banqalorda böyümüş Balasubramaniamın xoşuna gəlmişdi.
2017-ci ildə Wistron Banqalorda Çinin Kunşan şəhərindəki zavoddan gətirilmiş köhnə avadanlıqdan istifadə etməklə bir neçə montaj xəttini işə saldı. Plan ucuz iPhone SE modelini kiçik partiyalarla istehsal edib yerli bazarda satmaq idi. Təcrübə kifayət qədər uğurlu oldu və cəmi altı ay sonra Wistron istehsalı servis mərkəzindən təxminən 20 dəqiqəlik məsafədə yerləşən daha böyük müəssisəyə köçürdü. Az sonra şirkət Banqalordan təxminən 54 kilometr uzaqda yerləşən, ənənəvi olaraq qızıl hasilatı və süd istehsalı ilə tanınan Kolar rayonunda daha böyük zavod tikmək üçün torpaq almağa başladı.
Qısamüddətli perspektivdə bu addımlar Apple üçün çox böyük miqyaslı deyildi. Lakin onlar şirkətin Çindən həddindən artıq asılılığının risklərinin getdikcə daha aydın olduğu dövrə təsadüf edirdi. Donald Tramp 2017-ci ilin əvvəlində prezident olduqdan sonra tezliklə tarifləri artırmağa və ümumilikdə qloballaşmaya skeptisizmini, Çinə isə sərt münasibətini əks etdirən ticarət siyasəti yürütməyə başladı. Apple rəhbərliyi risklərin diversifikasiyasının məntiqli strategiya olduğu qənaətinə gəlirdi. 2017–2019-cu illərdə Wistron-un Hindistandakı əməliyyatlarına rəhbərlik etmiş Henk Syunun sözləri ilə desək, “Apple-ın Hindistana ehtiyacı Hindistanın Apple-a ehtiyacından qat-qat çox idi”.
2018-ci ilin yanvarında, məhz Tramp Çinlə ticarət müharibəsini gücləndirdiyi vaxt Apple Virat Bhatianı Hindistanda strategiya və siyasət üzrə idarəedici direktor təyin etdi. Bhatia Dehli Universitetini bitirmiş, daha sonra bir müddət ABŞ-də çalışmışdı. O, karyerasını Amerika şirkətlərinin Yeni Dehli ilə münasibətlər qurmasına yardım etməklə inkişaf etdirmişdi. Bhatia ictimaiyyət qarşısına çıxmağa can atmırdı, hətta sosial şəbəkələrdə demək olar ki, görünmürdü, lakin Yeni Dehlinin siyasi və bürokratik dairələrində yaxşı tanınırdı. Onun təyinatı Apple-ın hökumətlə münasibətlərə əvvəlki yanaşması ilə müqayisədə ciddi dəyişiklik idi. Əvvəllər bu əlaqələr elektron poçt yazışmaları və xaricdəki top-menecerlərin vaxtaşırı səfərləri ilə qurulmağa çalışılırdı. Bhatia bərpa edilmiş telefonların satışı mövzusundan uzaqlaşaraq Apple-ı yalnız xarici investor kimi deyil, Hindistanın qlobal istehsal mərkəzinə çevrilmək ambisiyasında tərəfdaş kimi təqdim etməyə başladı.
Tezliklə şirkət Banqalorda Wistron ilə ilk təcrübənin sərhədlərini aşdı. 2019-cu ildə Foxconn Çennayın kənarındakı zavodda iPhone XR yığmağa başladı. Amma hətta həmin vaxt istehsalın miqyası kiçik idi: cəmi bir neçə min cihaz istehsal olunur və əsasən yerli bazarda satılırdı. Telefon komponentlərinə idxal rüsumları və miqyas effektinin olmaması səbəbindən maya dəyəri hələ də yüksək qalırdı.
Məhz həmin dövrdə Modi hökuməti Raisina Hill-də sözügedən görüşü keçirdi. Hamı başlıca problemin istehsal maya dəyərini azaltmaq olduğunu başa düşürdü. Görüşdən sonra hökumət əsas nazirliklərin yüksəkvəzifəli məmurlarından ibarət işçi qrup yaratdı və qrup elektronika sənayesinin nümayəndələri ilə 40-dan çox konsultasiya keçirdi. Apple da prosesdə fəal iştirak etdi. Şirkət iqtisadçılar, ticarət ekspertləri və sektor veteranlarından ibarət komanda yaratdı. Onlar Hindistanın istehsal xərcləri baxımından çatışmazlıqlarını təhlil edib həmin ilin oktyabrında nəticələri hökumətə təqdim etdilər. Hindistanda iPhone istehsalı üçün lazım olan inkişaf etmiş elektronika təchizat zənciri yox idi, yerli zavodlar miqyas baxımından Çin müəssisələri ilə müqayisə oluna bilmirdi və sənaye siyasətinin böyük hissəsi ixraca deyil, daxili bazara yönəlmişdi.
Hindistan strategiyasının əsas elementlərindən biri istehsal həcminə bağlı təşviqlərin tətbiqi oldu. Bu, Apple kimi şirkətləri sərt investisiya və istehsal planlarını yerinə yetirdiklərinə görə mükafatlandıran subsidiyalardır. Hökumət güzəştlərin daxili bazara deyil, ixraca xidmət etməsini təmin etmək üçün onları yalnız qiyməti 15 min rupini aşan telefonlara şamil etdi. Bu məbləğ Hindistanda smartfonların orta qiymətindən xeyli yüksək idi.
Münasibətlər həmişə hamar olmayıb. Daimi mübahisə mövzularından biri Hindistanda işlənmiş mallara qarşı ümumi mənfi münasibət idi. Yeni zavodları işə salmaq üçün Apple Çindən Hindistana avadanlıq gətirməyi təklif etdi. Yeni Dehli əvvəlcə buna etiraz etdi: rəsmilər subsidiyaların yalnız yeni avadanlığa veriləcəyini deyir, köhnə maşınların iPhone keyfiyyətini aşağı sala biləcəyindən ehtiyat edirdilər. “Belə fikir var idi ki, yeni avadanlıq uzunmüddətli istehsal planlarına işarə edir, köhnə avadanlıq isə bunu təmin etmir”, — danışıqlarda iştirak edən və məxfi müzakirələrə görə adının çəkilməsini istəməyən şəxslərdən biri bildirib.
Apple isə köhnə avadanlığın istifadəsinin istehsalı daha sürətlə artırmağa, daha çox işçi götürməyə və tamamilə yeni maşınlara kapital xərcləmək əvəzinə istehsalı genişləndirməyə imkan verəcəyini əsaslandırırdı. Sonda şirkət rəsmiləri razı sala bildi. Hökumət yol və hava limanı infrastrukturunu inkişaf etdirdikcə və dövlət dəstəyini genişləndirdikcə Hindistanda istehsal daha real alternativə çevrilirdi. Miqyas effekti yaranmağa başladı və proses özünü gücləndirən dinamika aldı.
Əvvəlcə Apple və onun Hindistandakı tərəfdaşları işi sürətlə qurmağın ən asan yolunun Foxconn və Wistron-un Çindəki zavodlarını təmin edən eyni komponent təchizatçılarından istifadə etmək olduğunu düşünürdülər. Hindistan hökuməti ölkədə fəaliyyət göstərmək üçün ondan çox Çin iPhone təchizatçısına ilkin razılıq vermişdi. Lakin Çin şirkətləri Hindistan hakimiyyətinin onları bazardan sıxışdırıb çıxara biləcəyindən ehtiyat edirdilər. 2020-ci ildə Himalayda Hindistan və Çin hərbçiləri arasında ölümcül toqquşmalardan sonra Çin telekommunikasiya avadanlığı istehsalçısı Huawei Technologies Co. və TikTok da daxil olmaqla yüzlərlə mobil tətbiqlə bağlı oxşar addımlar atılmışdı.
Buna görə Apple Çində etdiyi kimi, öz komponent təchizatçıları şəbəkəsini özü inkişaf etdirməyə qərar verdi. Kontrakt istehsalçıları iPhone yığmaq üçün yeni zavodlar tikməyə davam etdilər. Bunlara Hosurda Tata qrupunun yeni zavodu və Banqalor hava limanının yaxınlığında Foxconn-un nəhəng müəssisəsi də daxildir. Ən vacibi odur ki, bu zavodlar yeni təchizatçılar üçün bazar yaratdı. Məsələn, Sunwoda Electronic Co. indi akkumulyator istehsal edir, Hindistanın Motherson Group şirkəti isə iPhone üçün metal korpuslar hazırlayır.
Hazırda Hindistanda 40-dan çox şirkət Apple cihazları üçün komponent istehsal edir. Bunların sırasında enerji adapterləri, radiatorlar və induksiya sarğıları istehsal edən Salcomp, litium-ion elementləri hazırlayan Amperex Technology və iPhone-un metal korpusunu istehsal edən Tata var. Jabil AirPods üçün plastik korpuslar istehsal edir, Hindistanın Aequs Ltd. şirkəti isə MacBook və Apple Watch üçün korpuslar hazırlayır. Təchizatçılar Hindistanda iPhone hissələrinin istehsalı üçün lazım olan avadanlığı da istehsal etməyə başlayıblar.
Bu transformasiyanın mərkəzində Bharat Forge, SFO Technologies, Tata konqlomeratı, VVDN Technologies və Wipro Pari kimi Hindistan şirkətləri dayanır. Onlar elektron komponentlərin istehsalı üçün ayrılmış 400 milyard rupilik dövlət subsidiyalarından istifadə edirlər. Bu dəstək şirkətlərə həm Apple üçün tədarük həcmini artırmağa, həm də digər müştərilər hesabına bizneslərini genişləndirməyə imkan verir.
Çinin qonşu ölkənin Apple ilə əməkdaşlığa verdiyi diqqətdən narazı olduğunu göstərən əlamətlər var. 2025-ci ildə Foxconn Hindistandakı iPhone və komponent zavodlarında çalışan yüzlərlə Çinli mühəndis və texnikdən ölkəyə geri qayıtmağı xahiş etdi. Nəticədə Apple ABŞ, Yaponiya, Koreya və Tayvandan daha yüksək maaş alan mütəxəssislər cəlb etməyə məcbur oldu. Foxconn əməkdaşlarının geri çağırılmasının dəqiq səbəbləri aydın deyil. Lakin bundan əvvəl Çin hökuməti ixtisaslı işçilərin xaricdə işləməsini çətinləşdirir və xüsusi texnologiyaların ixracını məhdudlaşdırırdı.
Bloomberg News daha əvvəl yazmışdı ki, Pekin tənzimləyici qurumlara və yerli administrasiyalara texnologiya transferi və avadanlıq ixracını məhdudlaşdırmaq barədə göstəriş verib. “Çinin hazırkı mövqeyi Yeni Dehlinin sənaye ambisiyalarını reallaşdırmasını çətinləşdirəcək”, — Verisk Maplecroft konsaltinq şirkətinin Asiya üzrə risk təhlili rəhbəri Rima Bhattacharya Businessweek-ə yazıb. “Xüsusi avadanlığın tədarükünə, ixtisaslı kadrların çıxışına və istehsal nou-hausunun ötürülməsinə qoyulan məhdudiyyətlər diversifikasiyanı tam dayandırmayacaq. Lakin onlar layihələrin müddətini uzada, xərcləri artıra və səmərəliliyi azalda bilər. Bu isə keçidi daha əmək tutumlu və idarəetmə baxımından çətin edəcək”.
Çin zaman-zaman Hindistanın istehsal ambisiyalarını ictimai şəkildə də tənqid edir. Məsələn, 2020-ci ilin dekabrında Kolar rayonundakı Wistron zavodlarından birində əməkdaşlar maaşlarının ödənilmədiyini bildirərək iğtişaş törətmişdilər. Nəticədə təxminən 60 milyon dollar dəyərində avadanlıq və məhsula ziyan dəymişdi. Çin dövlət mediası hadisəni dərhal gündəmə gətirdi və Çindən kənarda istehsal meydançaları yaratmaq cəhdlərini ciddi alternativ deyil, “siyasi fəndlər” kimi təqdim etdi. Bu hadisə sanki Apple-ın Çinlə tərəfdaşlıqda üzləşdiyi kompromislərlə bağlı ənənəvi təsəvvürləri gücləndirirdi: bəli, şirkət tez-tez avtoritar idarəetmə üsullarına görə tənqid olunan dövlətlə işləyirdi, amma əvəzində Çində telefonlar həmişə vaxtında istehsal edilərək göndərilirdi.
Lakin Çinin Apple üçün yeganə etibarlı istehsal məkanı olması barədə fikir tədricən inandırıcılığını itirməyə başladı. 2022-ci ilin sonunda “iPhone şəhəri”ndə də iğtişaşlar başladı. Pandemiyanın son dərəcə ağır şəraitinə baxmayaraq, zavod Apple cihazlarını istehsal etməyə davam edirdi, lakin buradakı qarışıqlıq Wistron müəssisəsində baş verənlərdən qat-qat böyük oldu. Çində geniş sosial hərəkatın yaranacağına dair proqnozlar özünü doğrultmasa da, hadisələr Apple-ın bir ölkədən həddindən artıq asılı olmasının risklərini yenidən üzə çıxardı.
Trampın tarifləri də bu prosesə təsir göstərdi. 2021-ci ildə Co Bayden hakimiyyətə gəldikdə sələfinin ilkin tariflərini ləğv etmədi, əksinə, o da Çinlə bağlı sərt siyasət yürütməyə davam etdi. Tramp 2025-ci ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu kursu davam etdirdi. Onun administrasiyası Çin idxalına tarifləri müvəqqəti olaraq 145%-ə qaldırdı, hazırda isə dərəcə 12,5% təşkil edir. Apple-ın məlumatına görə, şirkət artıq 3,3 milyard dollar rüsum ödəyib.
Martda başa çatan maliyyə ilində Hindistanda iPhone istehsalının dəyəri 25 milyard dolları keçib. Bu məhsulların təxminən 80%-i ixrac olunub və əsas istiqamət ABŞ olub. Bundan əlavə, Hindistandan AirPods da ixrac edilir. Hindistandakı istehsal gücləri olmasaydı, Apple çox güman ki, Çində istehsal edilərək ABŞ-yə göndərilən telefonlara tətbiq olunan tarifləri kompensasiya etmək üçün qiymətləri artırmalı olardı.
Bütün irəliləyişlərə baxmayaraq, Hindistan hələ də ciddi infrastruktur problemləri ilə üzləşir. Ölkə inteqrasiya olunmuş istehsal klasterlərini yeni formalaşdırmağa başlayır, Çin isə çoxdan şirkətlərə istehsalı sürətlə və səmərəli şəkildə işə salmağa imkan verən hazır sənaye parkları yaradıb. Hindistanın vergi sistemi də yerli istehsalçıları ucuz idxalın rəqabətindən qorumağa yönəlib. Belə siyasətin daxildə tərəfdarları var, lakin eyni zamanda Apple kimi şirkətlərin xərclərini artırır. Yerli təchizat şəbəkəsinin inkişafına baxmayaraq, Apple hələ də çoxlu sayda komponenti idxal etməli olur.
Tramp tez-tez Hindistanın proteksionist tədbirlərini tənqid edir və ölkəni ABŞ malları üçün bazarını daha fəal açmağa çağırır. O, özünü Modinin dostu adlandırsa da, Hindistan haqqında dəfələrlə sərt ifadələr işlədib və ölkəni “cəhənnəm çuxuru” və “ölü iqtisadiyyat” kimi xarakterizə edib. ABŞ prezidenti həmçinin Hindistan, Çin və Rusiyanın daxil olduğu inkişaf etməkdə olan iqtisadiyyatlar qrupu BRICS-i “anti-Amerika” birlik kimi təsvir edib.
Trampın sentyabrda Çin sədri Si Cinpinlə görüşəcəyi gözlənilir, lakin iki supergüc arasındakı münasibətlər son dərəcə həssas olaraq qalır. ABŞ hesab edir ki, Çin oktyabrda əldə edilmiş tarif atəşkəsinin şərtlərinə əməl etmir. Bununla belə, Vaşinqton ticarət müharibəsini yenidən alovlandıra biləcək addımlar atmaq istəmir.
Bütün çətinliklərə baxmayaraq, dönüş nöqtəsinin artıq geridə qaldığı aydındır. İstehsalın genişləndirilməsi ilə yanaşı, Apple 2026-cı ilin martında başa çatan maliyyə ilində Hindistanda illik satışlarını 10 milyard dollardan yuxarı qaldırıb. Bu, iki il əvvəllə müqayisədə 25% artım deməkdir. Hazırda Hindistanda satılan smartfonların təxminən 10%-i iPhone-dur və bu göstərici on il əvvəllə müqayisədə altı dəfədən çox yüksəkdir. Bu, Apple-ın əsas bazarlardakı dominantlığı ilə müqayisədə hələ çox aşağı göstəricidir, lakin qiymətə həssaslığın son dərəcə yüksək olduğu və Çin telefonlarının iPhone qiymətinin kiçik bir hissəsinə satıldığı bazar üçün ciddi nailiyyətdir. Apple-ın Hindistandakı öz əməkdaşları yalnız istehsalla məşğul olmurlar: onlar proqram təminatının hazırlanması, müştəri dəstəyi və marketinq sahələrində çalışır, həmçinin Apple Maps-i təkmilləşdirmək üçün peyk və nəqliyyat məlumatlarını təhlil edirlər.
Modi üçün əsas qazanc, şübhəsiz ki, sürətlə böyüyən istehlak elektronikası sənayesidir. Hazırda Hindistan üzrə beş iPhone zavodunda 200 mindən çox insan çalışır. Daha yüz minlərlə iş yeri bu sənaye ilə dolayı şəkildə bağlıdır. Bu, həm daxili auditoriya qarşısında güclü arqument, həm də Hindistanda işləmək imkanını nəzərdən keçirən beynəlxalq investor və şirkətlərlə danışıqlarda mühüm üstünlükdür.
Yeni istehsal iqtisadiyyatı yalnız qadcetlər yaratmır, eyni zamanda Hindistanda yeni sosial təbəqə formalaşdırır: müəyyən maliyyə müstəqilliyi əldə edən gənc qadın işçilər. Onların aylıq maaşı təxminən 20 min rupi, yəni 210 dollardır. Bu, ölkə üzrə median aylıq maaşdan aşağıdır. Lakin yoxsul və ya sosial cəhətdən kənarda qalmış icmalardan gələn insanlar üçün bu məbləğ mühüm iqtisadi fürsətdir. Yeni işçilərin əksəriyyəti 20 yaşını yenicə keçmiş gənclərdir. Onların çoxu savadlılığın az, imkanların isə daha da məhdud olduğu yerlərdən gəlir. Bu gün onlar zavodlara yalnız iş alətləri və buraxılış kartları deyil, ailələrinin iqtisadi ümidlərini də daşıyırlar.
Regionda Apple təchizatçılarından birində çalışmış 25 yaşlı Kertika deyir ki, iş ona uğursuz nikahdan sonra yaşadığı stresslə mübarizə aparmağa kömək edib. “Ayda 18 min rupi qazanırdım və pulun böyük hissəsini kənddə yaşayan valideynlərimə göndərirdim”, — məxfiliyini qorumaq üçün soyadını açıqlamaq istəməyən Kertika deyir. “Bu iş olmasaydı, nə edəcəyimi bilmirəm”.
Onun 24 yaşlı rəfiqəsi Priti də eyni fikirdədir. O, iPhone montaj xəttində çalışır və yalnız adının çəkilməsini istəyib. Pritinin valideynləri Hindistanın cənubundakı kəndlərdən birində torpaqsız muzdlu işçilərdir. “Sabit gəlir sayəsində valideynlərimin kreditini ödəməsinə kömək etdim”, — Priti deyir. “Bəlkə bir gün öz iPhone-umu almaq üçün də pul yığa bilərəm”.











