“Apple” 2026, 2027 və 2028-ci illərdə tamamilə yeni “iPhone” dizaynı təqdim etməyə hazırlaşır.
“iPhone 17” seriyası hələ yeni təqdim olunsa da, Koreyadan yayılan məlumatlar şirkətin gələcək planlarını üzə çıxarıb.
İddialara əsasən, 2026-cı ildə “Apple”ın ilk qatlana bilən “iPhone” modeli təqdim olunacaq. Bu cihazın “Samsung Galaxy Z Fold” modelinə bənzər şəkildə üfüqi qatlanan quruluşa malik olacağı gözlənilir.
Növbəti böyük yenilik 2027-ci ildə “iPhone”un 20 illik yubileyi münasibətilə təqdim ediləcək. Bu modelin tamamilə ekrandan ibarət, kənarlarında heç bir çərçivəsi olmayan dizayna sahib olacağı bildirilir.
“Apple” 2028-ci ildə isə ikinci qatlana bilən “iPhone” modelini satışa çıxaracaq. Bu cihazın “Samsung Galaxy Z Flip” modelinə bənzər şəkildə şaquli qatlanan, daha kompakt və yüngül dizayna sahib olacağı qeyd edilir.








