Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkətinin yeni M1 prosessorları ilə təchiz olunublar. Söhbət, M1 Pro və M1 Max-dan gedir. Sözügedən prosessorlar xüsusi olaraq professional tapşırıqlar üçün nəzərdə tutulublar və bununla yanaşı onlar minimal enerji sərfiyyatı tələb etməklə yüksək performans təqdim edirlər. Beləliklə Apple şirkətinin yeni M1 Pro və M1 Max prosessorları 5 nanometrlik texnoloji proses əsasında hazırlanıblar. M1 Pro modeli özündə 33.7 milyard tranzistoru birləşdirir. Onun tərkibinə 10 nüvəli mərkəzi prosessor və 16 nüvəli qrafik sürətləndirici daxildir. Prosessora inteqrasiya edilmiş RAM yaddaşının çalışma sürəti saniyədə 200 GB təşkil edir.