“Apple Inc.” şirkətinin bazar dəyəri çərşənbə axşamı keçirilən ticarətlər zamanı ilk dəfə 4 trilyon dolları keçib. Bu artım iPhone smartfonlarının yeni modellərinə olan yüksək tələbat fonunda baş verib.
Qeyd edək ki, “Apple” bu göstəriciyə çatan üçüncü böyük texnologiya şirkəti olub. Bundan əvvəl bu həddi yalnız “Nvidia Corp.” və “Microsoft Corp.” keçib. Hazırda 4 trilyon dollardan yuxarı dəyəri saxlamağı yalnız “Nvidia” bacarıb – onun kapitallaşması 4,65 trilyon dollar təşkil edir, “Microsoft” isə 3,95 trilyon dollar səviyyəsinə enib.
“Apple”ın səhmləri çərşənbə axşamı ticarət zamanı təxminən 0,1% bahalaşıb. Şirkət bu həftənin sonunda rüblük maliyyə hesabatını təqdim etməyi planlaşdırır.
Wedbush analitiki Den Ayvs bildirib ki, “Apple hələlik süni intellekt yarışından kənarda qalsa da, 4 trilyon dollarlıq bazar dəyərinə çatmaq həm Kupertino, həm də bütövlükdə böyük texnoloji şirkətlər üçün mühüm mərhələdir”.
Artımı nə dəstəkləyib?
Counterpoint Research-in məlumatına görə, ABŞ və Çində yeni iPhone 17 modellərinin ilk 10 gündəki satışları ötən ilin göstəricilərini 14% üstələyib. Bu, bazarda yeni “yeniləmə dalğası”nın başlanacağına dair gözləntiləri gücləndirib. Şirkət, həmçinin yenilənmiş iPad Pro, Vision Pro və M5 çipi ilə təchiz olunmuş MacBook Pro modellərini təqdim edib.
Niyə bu vacibdir?
Analitiklərin Apple səhmləri ilə bağlı proqnozları fərqlənir: Bloomberg konsensusuna görə, 12 aylıq hədəf qiymət hazırkı səviyyədən təxminən 6% aşağıdır. Bundan əlavə, “almağa dəyər” tövsiyələrinin payı “Möhtəşəm yeddilik” adlanan aparıcı texnoloji şirkətlər arasında ən aşağı göstəricilərdən biridir.








