“Apple”ın məxfilik siyasətindəki dəyişikliklər böyük sosial şəbəkələrin reklam biznesinə təsir göstərib.
Banker.az xəbər verir ki, reklam texnologiyaları şirkəti “Lotame” hesab edir ki, “Snapchat”, “Facebook”, “YouTube” və “Twitter” gəlirlərinin 12%-ni və ya təxminən 9.85 milyard dollarını itirib.
Xatırladaq ki, yenilənmiş məxfilik siyasəti istifadəçi məlumatlarını izləmək üçün icazə alınmasını tələb edir. Yeni qayda 2021-ci ilin aprel ayında iOS 14.5 əməliyyat sistemində qüvvəyə minib.
“Facebook” “Apple”ın yeni qaydalarını tənqid edib, bundan sonra şirkətin səhmləri 4.3% ucuzlaşıb. Eyni zamanda şirkətin reklam satışları üçüncü rübdə azalmağa başlayıb və illik 35% gəlir artımı 2020-ci ilin dördüncü rübündən bəri ən aşağı göstərici olub.
Dəyişikliklər həmçinin “Twitter”ə də təsir göstərib. Bu, sosial şəbəkənin reklamının kontekst və brendinqə əsaslanması səbəbindən baş verib. Nəticədə şirkətin reklam gəlirləri 41%, səhmləri isə 4% azalıb.
Bundan əlavə, yeni məxfilik siyasətinin tətbiqindən sonra “Snap”ın bazar dəyəri 1/5 hissəsini itirib. Hesabatlardan sonra “Facebook” və “Twitter” müvafiq olaraq 6% və 5%, “Alphabet” və “Pinterest” isə 2% ucuzlaşıb. “Snap”ın yaradıcısı Evan Şpiqelin sözlərinə görə, “Apple”ın yeni siyasəti “onlayn-reklam bazarında inqilab edib”.