Venesiyaya bir günlük ziyarət üçün gələn turistlərdən giriş haqqının tutulması praktikasına aprelin 25-dən etibarən başlanacaq.
Venesiya Bələdiyyə Şurasının qərarına əsasən, yeni qayda aprelin 25-də saat 08:30-16:00 arasında ilk dəfə tətbiq olunacaq. Qərar ilboyu ümumilikdə 29 gün tətbiq ediləcək.
Şəhərə gündəlik səyahət edənlərdən 5 avroluq bilet almaları tələb olunur. Bu addım şəhərin tarixi mərkəzində ziyarətçi sıxlığının qarşısını almaq məqsədilə atılır.
Kanallar şəhərinə bir günlük səfər etməyi planlaşdıran turistlər əgər səyahətləri bələdiyyə tərəfindən “məşğul günlər” kimi müəyyən olunan 29 fərqli gündən birinə düşərsə, giriş haqqını ödəyərək rezervasiya etməlidir. Turistlərin giriş haqqını əvvəlcədən ödəmələrinə və rezervasiya etmələrinə imkan verən portal “Contributo di Accesso a Venezia” (Venesiyaya giriş haqqı) adlanır. Rəqəmsal internet portalı vasitəsilə indiyədək 151 min 157 rezervasiya qəbul olunub, 15 minədək insan giriş haqqını ödəyib.
Giriş haqqını ödəməyənlər yerli hakimiyyət orqanları tərəfindən aşkar edilərsə, bilet pulundan əlavə 50-300 avro arasında inzibati cərimə də ödəməli olacaqlar.