9 C
Baku
Wednesday, March 11, 2026

Apteklər şəbəkəsi Tarif Şurası qiymətindən baha satışa görə cərimələnir

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi cari ilin yanvarında istehlak bazarına nəzarət tədbirləri çərçivəsində “Zeytun Pharmaceuticals” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Banker.az xəbər verir ki, yoxlama zamanı aptekdə dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıldığı müəyyən olunub. Bu səbəbdən müəssisə barəsində 26 yanvar 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.

Fakt “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satışına görə hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Zeytun Pharmaceuticals” MMC – Azərbaycan Respublikasında fəaliyyət göstərən əczaçılıq şirkətidir. Şirkət əsasən dərman vasitələrinin idxalı, satışı, paylanması və böyük aptek şəbəkəsinin idarə olunması ilə məşğuldur. Şirkət 9 oktyabr 2014‑cü ildə yaradılıb və bazarda əhali ilə yanaşı dövlət və özəl səhiyyə müəssisələrinə də dərman təminatı göstərir.

Şirkətin direktoru Bəhruz Şirəliyev Əvəz oğludur və 4000 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər