Azərbaycanda bu il 2-ci dəfə subsidiya almaq istəyən fermerlər təkrar əkin barədə bəyanı ən geci sabah Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Fərid Rəhimli fermerlərə müraciətində bildirib.
Onun sözlərinə görə, ötən il olduğu kimi bu il də fermerlər 6 bitki üzrə apardıqları təkrar əkinlərə görə subsidiya ala biləcəklər: “Bunlar qarğıdalı, günəbaxan, soya, sorqo, darı və kartofdur”.
F.Rəhimli xatırladıb ki, 2021-ci ilin təkrar əkin dönəmində 40 min hektardan çox sahə üçün subsidiya ödənilib, bunun isə 35 min hektardan çoxunu qarğıdalı əkini təşkil edib.
“Bu il isə EKTİS üzrə təkrar əkin bəyanı 17 min hektar ərazini əhatə edir. Bunun da 12 min hektarını qarğıdalı əkini təşkil edir. Regional bölmələrimizdən aldığımız məlumata görə, əslində təkrar əkin sahəsi 30 min hektar ətrafındadır, 50 min hektara çatacağı proqnozlaşdırılır. Əkin bəyannamələri vaxtında daxil olunmalıdır. Həmçinin, fermer əkini düzgün bəyan etməlidir. Fermer planlaşdıra bilər ki, 50 hektar qarğıdalı əkini aparacaq. Amma bildiyiniz kimi təkrar əkin suvarılan ərazilərdə aparılır. Amma fermer su ilə bağlı çətinlik çəkibsə, 50 hektar planlaşdırırdısa, nəticədə bu kimi problemlərə görə 20 hektar əkə bilibsə, yekunda bu kimi dəyişiklikləri qeyd edib, əkinini EKTİS-də bəyan etməlidir”, – deyə o, qeyd edib.
“Fermerlər şəxsən yekunda EKTİS-də müraciətlərini yoxlasınlar. Çünki bəzən fermer üçüncü bir şəxsə etibar edir, kodunu ona verir, nəticədə həmin şəxs də bəyan etmir. Bu kimi halların yaşanmaması üçün fermerlərin özləri bəyan etsinlər. Qeyd etdiyim nöqsanlı halların sayı ilbəil azalır. Məsələn, 2019-2020-ci illər üzrə əkin dövründə on minlərlə idisə, son əkin dövründə onlarla belə deyil. Lakin az da olsa subsidiyadan məhrum olan fermerlərimiz var. Ümumiyyətlə, təkrar əkinlərdə 5 min fermer iştirak edir”, – deyə nazirlik rəsmisi fikrini tamamlayıb.