Azərbaycanda gələn ildən aqrar sahədə fəaliyyət göstərən fiziki şəxslərin satışdankənar gəlirlərinin və onlara ödənilən subsidiyaların gəlir vergisindən azad ediləcək.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad olunur.
Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə şatışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif olunur.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.