Aqrar sahədə sığorta daha sürətlə böyüyür, həm də daha gəlirlidir

Azərbaycanda kənd təsərrüfatı sığortası üzrə 2026-cı ilin ilk səkkiz ayında 19,4 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövründəki 15,7 milyon manatla müqayisədə 24,1% çoxdur.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin dövrdə kənd təsərrüfatı sığortası üzrə ödənişlər isə 5 milyon manatdan 1,8 milyon manata düşüb. Beləliklə, ödənişlər illik müqayisədə 64,6% azalıb.

Bazarın ən sürətli artımı heyvandarlıq sığortasında qeydə alınıb. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar bir ildə 3,5 milyon manatdan 6,7 milyon manata yüksələrək 91,8% artıb. Ödənişlər isə 388 min manatdan 1,4 milyon manata çataraq 3,5 dəfə artıb.

Bitkiçilik sığortasında isə fərqli dinamika müşahidə olunub. Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar 4,6% artaraq 12,7 milyon manata yüksəlib. Bununla belə, ödənişlər 4,6 milyon manatdan 392 min manata düşüb və illik 91,5% azalıb.

Nəticədə kənd təsərrüfatı sığortası üzrə ödənişlərin sığorta haqlarına nisbəti də ciddi azalıb. Bu göstərici 2025-ci ilin yanvar–avqustunda 31,9% olduğu halda, 2026-cı ilin eyni dövründə 9,1%-ə düşüb. 2024-cü ilin ilk səkkiz ayında nisbət 29,6% idi. Yəni ötən il hər 100 manat aqro-sığorta yığımna görə sığortaçı 32 manata qədər ödəyirdisə, bu rəqəm bu il 9 manata düşüb.

BAZAR NİYƏ BÖYÜYÜR?

Azərbaycanda hazırkı dövlət dəstəkli aqrar sığorta sistemi 2019-cu il iyunun 27-də qəbul edilmiş “Aqrar sığorta haqqında” qanun əsasında yaradılıb. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minib, Aqrar Sığorta Fondu isə 2019-cu ilin avqustunda yaradılıb. Yeni mexanizm faktiki olaraq 2020-ci ilin noyabrından fəaliyyətə başlayıb. Sistemdə fermerin ödəməli olduğu sığorta haqqının 50%-i dövlət büdcəsi hesabına qarşılanır.

Sistem fəaliyyətə başlayanda 14 bitki növünü əhatə edirdisə, hazırda 41 bitki və bitki məhsulunun sığortalanması mümkündür. 2026-cı ilin ilk yarısında 54 829 müqavilə üzrə 341 224 hektar əkin sahəsi sığortalanıb. Əkinlər üzrə 11,9 milyon manat sığorta haqqı toplanaraq 458 milyon manatdan çox sığorta təminatı verilib. Eyni dövrdə 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb, heyvandarlıq üzrə 4,3 milyon manat sığorta haqqı hesabına 24,1 milyon manatlıq təminat yaradılıb.

Aqrar Sığorta Fondu sentyabrın əvvəlində bildirmişdi ki, 2026-cı ildə 383 fermerdən 7 mindən çox müraciət daxil olub və bunlar 77 min hektar əkin sahəsini əhatə edib. Müraciətlərin böyük hissəsi dolu, güclü yağıntı, sel və subasma ilə bağlıdır. Fond əlavə sığorta ödənişlərinin sənədlərin tamamlanmasından sonra həyata keçiriləcəyini bildirib.

Ötən il aqrar sığortada ödənişlər əks istiqamətdə hərəkət etmişdi. 2025-ci ildə Aqrar Sığorta Fondu fermerlərə 9,1 milyon manat ödəniş edib ki, bu da 2024-cü illə müqayisədə 43% çox olub. Bunun 8,8 milyon manatı bitkiçilik, 394 min manatı isə heyvandarlığın payına düşüb. Fond 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat ödəniş etmişdi.

Aqrar sığorta bazarının qarşıdakı illərdə daha da genişləndirilməsi planlaşdırılır. 2026–2030-cu illər üzrə dövlət proqramında sığorta ilə əhatə olunan əkin sahəsinin 2025-ci ildəki 386 min hektardan 2030-cu ildə 1 milyon hektara, sığortalanan kənd təsərrüfatı heyvanlarının sayının isə təxminən 7 min başdan 100 min başa çatdırılması hədəflənib. Eyni zamanda sığortalanan məhsul və risklərin sayının artırılması, xidmətlərin tam elektronlaşdırılması və dövlətin ödədiyi sığorta haqqı payının risk və məhsullar üzrə diferensiallaşdırılması nəzərdə tutulur.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər