13 C
Baku
Saturday, November 23, 2024

Aqrar Sığorta Fondu bu ilin sonuna qədər 3 milyon manat ödəniş edəcək

Aqrar Sığorta Fondunun baş verən sığorta hadisələri ilə bağlı bu ilin sonuna qədər 3 milyon manat ödəniş edəcəyi gözlənilir.

Banker.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 2021/2022-ci illərdə bitkiçilik üzrə 55 024 aqrar sığorta müqaviləsi bağlanıb ki, bunun da 41 529-u, yəni təxminən 75 %-i buğda və arpa sahələrinin payına düşür.

Ümumilikdə bü günə qədər ölkə üzrə əkinə yararlı sahələrin 23 %-ni Fond sığortalayıb. Sığortalanan 450 min hektara yaxın əkin sahəsinin 370 min hektarını buğda və arpa sahələri təşkil edir.

2021/2022-ci il əkin mövsümündə bitkiçilik üzrə toplanan sığorta haqqının məbləği 11.5 milyon manatı keçib.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2021-ci ildə 2020-ci illə müqayisədə aqrar sığorta bazarında 5.5 dəfə artım olub və 2022-ci ilin 9 ayında müsbət dinamika davam etdirilib. Belə ki, ötən ilin eyni dövrünü müqayisə etdikdə 3.3 dəfə artım qeydə alınıb.

“Əldə olunan nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir. Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri isə fermerlərə imkan verir ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Bu gün fond 41 bitkini sığortalayır və ölkə üzrə istehsalın 95 %-ni, fermerlərin isə 96 %-ni xidmətlərlə əhatə edir. Bu o deməkdir ki, 100 fermerdən 95-i bu xidməti ala bilər. İlk ilimizdə 45-50 min müqavilə imzaladıq, bu da özlüyündə xidmətlərin inkişafının göstəricisidir”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər