Son günlər respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində bir çox rayonlarda güclü yağışlar, sel, subasma, külək, qasırğa, fırtına, temperaturun kəskin aşağı düşməsi, dolu yağması halları qeydə alınıb. Bu hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına, əkin sahələrinə ciddi zərər dəyib. 30-a yaxın rayon üzrə təsərrüfatları təbiət hadisələrindən zərər çəkmiş fermerlər dəymiş zərərin hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fonduna müraciət edirlər. Artıq Fonda fermerlər tərəfindən 200-dən artıq müraciət daxil olub.
Bu barədə Aqrar Sığorta Fondundan bildirilib.
Aqrar Sığorta Fondundan bildirilib ki, “baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək”.
Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırıb.
Qeyd edək ki, Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzi Ramazan bayramı ilə bağlı tətil günlərində də adi rejimdə çalışacaq və fermerlərin müraciətlərini qəbul edəcək.