Azərbaycanda aqrar sahədəki təsərrüfatları sığorta edən Aqrar Sığorta Fondu tərəfindən müxtəlif hadisələr nəticəsində sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə ödənişləri artır.
Fonddan Banker.az-a verilən məlumata görə, 2023-cü ilin 11 ayında ölkədə sığortalanmış fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 742 min manat ödəniş edilib. Təsərrüfatlara edilən ödənişlər eyni zamanda həm bitkiçilik, həm də heyvandarlıq üzrə dəymiş zərərləri əhatə edir.
Hesabat dövründə bitkiçilik təsərrüfatları üzrə 2 milyon 044 min manat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat həcmində sığorta ödənişi edilib. Qeyd edək ki, Aqrar Sığorta Fondu 2021-ci ildə təsərrüfatlara dəyən zərərlər üzrə fermerlərə 1.7 milyon manat, 2022-ci ildə isə 2.3 milyon manat ödəniş edib. Başqa sözlə, 2023-cü ilin 11 ayında həyata keçirilən ödənişlər əvvəlki illərdən daha artıqdır. Buna səbəb ölkədə aqrar sığorta istifadəçilərinin sayının artması, eləcə də qeyri-sabit hava şəraiti və təbiət hadisələrinin çoxalmasıdır.