13 C
Baku
Friday, November 22, 2024

Aqrar Sığorta Fondu zərər ödənişlərinə başladı – RƏSMİ

Azərbaycanda əkin sahələrinin və təsərrüfatların sığortalanmasını həyata keçirən Aqrar Sığorta Fondu 2023-cü il ərzində baş verən hadisələr və qeydə alınan zərərlər üzrə fermer və təsərrüfatlara zərər ödənişləri edilməsinə başlayıb.

Fonddan Banker.az-a verilən məlumata görə, sığorta ödənişləri 2023-cü il ərzində baş verən hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərləri əhatə edəcək.

Bura Aqrar Sığorta Fondunun qarşıladığı bütün risklər: dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri aiddir.

Fondun məlumatına görə, artıq sənədləri təsdiq edilmiş fermer və təsərrüfatlara SMS bildirişlərin göndərilməsinə başlanılıb. SMS bildiriş gələn şəxslərdən ödəniş həyata keçirilməsi üçün sənədlərini təqdim etmək xahiş olunur.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2023-cü il ərzində indiyədək Fonda hadisələrin baş verməsi ilə bağlı 9 minə yaxın müraciət daxil olub. Müraciətlərin böyük hissəsi fırtına-qasırğa, sel-subasma, dolu və sair hadisələrlə əlaqədardır.

Sığorta hadisələri ölkənin bütün bölgələrində və Aqrar Sığorta Fondunun sığorta etdiyi əksər bitki növlərində qeydə alınıb. Ən çox müraciət buğda, arpa, pambıq və qarğıdalı əkinləri üzrə qeydə alınıb.

Qeyd edək ki, fermerlərə dəstək məqsədilə, hesablanmış sığorta haqlarının 50%-ni dövlət ödəyir.

 

Son xəbərlər
Digər xəbərlər