BANKER.AZ/ Artıq Nazirlər Kabineti tərəfindən Aqrar Sığorta Fondunun (ASF) Nizamnaməsini təsdiqlənib. Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.
Aqrar Sığorta Fondu kimlər tərəfindən idarə olunacaq?
ASF-nin təsdiq olunmuş nizamnaməsinə əsasən, Fondun idarə edilməsini iki orqan həyata keçirəcək: Müşahişidə Şurası və İdarə heyəti.
Müşahidə Şurası digər fondlarda olduğu kimi, Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. MŞ-nin ümumi üzvlərinin sayı 5 nəfər olacaq. Şura Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Bankın (1 nəfər), fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən olacaq.
Şuranın üzvləri 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər.
Şuranın 3 üzvünü – Nazirliyin və fermerlər assosiasiyasının nümayəndələrini -Nazirlik təyin edir. Şuranın 2 üzvünü isə hər qurumdan bir nəfər olmaqla Maliyyə Nazirliyi və bank təyin edir.
Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək. İdarə Heyəti 3 üzvdən – Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən, müavindən və bir üzvdən ibarətdir.
İdarə Heyətinin üzvləri 5 il müddətinə təyin edilir. Onlar növbəti müddətə yenidən təyin edilə bilərlər.
Müşahidə Şurasının üzvləri İdarə Heyətinə təyin edilə bilməzlər. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətli sayılacaq. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledici sayılır.
İdarə Heyətinin üzvləri aşağıdakı tələblərə cavab verməlidirlər:
– ali təhsilli olmalıdır;
– İdarə Heyətinin sədri – sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il, digər üzvləri – sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalıdır;
– qəsdən törədilmiş cinayətə görə məhkumluğu olmamalıdır;
– mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç bir məhkumluğu olmamalıdır;
– İdarə Heyətinin üzvü vəzifəsini tutmasına dair məhkəmə qərarı ilə qadağa qoyulmamalıdır.